Bakı. Kəmalə Quliyeva – APA. “Müxalifətin yaratdığı Milli Şura haqqında danışmaq istəmirəm. Çünki Azərbaycanın ictimai-siyasi həyatında Milli Şura anlayışı əhəmiyyətli yer tutmur. Bu vaxta qədər müxalifətin qurmaq istədiyi bir sıra kombinasiyalar, birliklər kimi, Milli Şura ideyası da tamamilə iflasa uğrayacaq və bu, indidən görünməkdədir”. APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə. Əhmədov bildirib ki, prezident seçkilərində müxalifətin şansları sıfıra bərabərdir: “Seçki kampaniyasının fəlsəfəsi bundan ibarətdir ki, adətən insanlar bir dəfə etimad göstərmədiyi insanlara yenidən etimad göstərmirlər. Adətən dünya praktikasında seçkilərdə bir dəfə uğur qazanmayan namizəd ikinci dəfə seçkidə iştirakdan imtina edir. Bu imtinanın kökündə namizədlərin seçicilərin rəyinə hörmətlə yanaşması dayanır. Təəssüf ki, Azərbaycan müxalifətində belə ənənə və mədəniyyət formalaşmayıb. Bir neçə dəfə məğlub olmuş partiyaların nümayəndələri növbəti dəfə də vətəndaşların rəyinə məhəl qoymadan öz namizədliklərini irəli sürürlər. İnsanlar məğlubları sevmirlər. Siyasətdə də məğlublar sevilmir. Bu baxımdan ənənəvi müxalifət partiyalarının prezident seçkilərində şansı yoxdur, bir çoxlarının şansı sıfıra bərabərdir. Azərbaycanda İlham Əliyevlə müqayisə olunacaq siyasətçi və yaxud namizəd yoxdur”.