APA-nın xəbərinə görə, bunu YAP sədrinin müavini, icra katibi Əli Əhmədov YAP-ın saytına (yap.org.az) müsahibəsində deyib. Ə. Əhmədov bildirib ki, moldovalı Ombudsmanın cəsarətli addımı bir çox beynəlxalq təşkilatların nümayəndələrinə, üçüncü dövlətlərin siyasətçilərinə xas olan, Bakıda azərbaycanlıların, İrəvanda ermənilərin xoşuna gələn bəyanatlar səsləndirmək vərdişinə ölümcül zərbə vurub: “Bu zərərli, münaqişənin həllini çətinə salan praktikadan nəhayət ki, əl çəkilməlidir”.
Əli Əhmədov qeyd edib ki, xanım A.Qriqoriudan ilk növbədə Minsk qrupunun həmsədrləri, ATƏT təmsilçiləri, beynəlxalq qurumların nümayəndələri nümunə götürməlidirlər: “Azərbaycan torpaqlarının işğalını və Ermənistan işğalçı olduğunu etiraf etmədən münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil. 20 illik eksperimentin bir acı nəticəsi də budur. Hörmətli xanım Aurelia Qriqoriu cəsarətli addımını atdı. Növbə Minsk qrupunun həmsədrlərindədir”.
YAP-ın sədr müavini “təəssüflə qeyd etmək lazımdır ki, ermənilər xanım Qriqoriunun cəsarətli hərəkətini erməni tərəfin ənənəsinə uyğun olaraq şantajla qarşılayıb”- deyə, vurğulayıb.
Əli Əhmədov İrəvanda ona təzyiqlər edilməsi, böhtanlar atılmasını ermənilərin davranış məntiqinə tam uyğun olduğunu bildirib. YAP sədrinin müavini qeyd edib ki, Azərbaycan ictimaiyyəti, diaspora təşkilatları xanım Qriqoriunu erməni tərəfin həyasız təzyiqlərindən, şantaj və böhtanlarından qorumalı, ona mənəvi dəstək olmalıdır: “Yeni Azərbaycan Partiyasının gəncləri xanım Aurelia Qriqoriuna dəstək aksiyasına başlayıb. Mən bunu alqışlayıram və hesab edirəm ki, təşəbbüs genişlənəcək”.