Bakı. Mübariz Aslanov-APA. Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bu gün partiyanın Gənclər Birliyinin “Gələcəyin liderləri” gənc siyasətçilər üçün “Yay məktəbi”nin Masallı turunun iştirakçıları və region gəncləri ilə görüşüb. APA-nın məlumatına görə, əvvəlcə “Yay məktəbi”nin iştirakçıları Masallıda olduqları müddətdə həyata keçirdikləri layihələri və gördüyü işləri əks etdirən slayd nümayiş etdiriblər.
Çıxış edən Ə. Əhmədov bildirib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində partiyanın sədri, dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyir: “10 illik təcrübəyə əsaslanan xalqımız qarşıdakı 5 ildə də prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarının davam etdirilməsinə inanır”.
Ə. Əhmədov seçki kampaniyasında hər bir gəncin fəal təbliğatçı olmasının vacibliyini diqqətə çatdırıb: “Hər dəfə seçki kampaniyası dövründə cəmiyyətdə müxtəlif qabarmalar yaranır. Müxtəlif maraqlı dairələr bu dövrdə fəallaşır, əldə olunmuş nailiyyətlərə kölgə salmağa çalışırlar. Azərbaycan reallıqlarının təhrif olunmasının qarşısının alınmasında gənclər xüsusi fəallıq nümayiş etdirməlidir. Bu işdə gənclərin gücündən səmərəli istifadə olunmalıdır”.
Görüşdə çıxış edən gənclər bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar bildiriblər ki, onlar qarşıdan gələn prezident seçkilərində də yekdilliklə dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.