Göyçay. Elvin Yaqubov - APA. YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov iyulun 12-də Göyçay və Ağdaş rayonlarında YAP fəalları ilə görüş keçirib.
APA-nın məlumatına görə görüşlər zamanı oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bu ilin oktyabrında ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərinə hazırlıqlarla bağlı YAP üzvləri, xüsusən də gənclər qarşısında duran vəzifələrdən ətraflı söhbət açıb, cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizədə gənclər qarşısında duran vəzifələrdən danışıb.
Partiyanın sədr müavini Əli Əhmədov çıxışında qeyd edib ki, siyasi partiyalar bütün zamanlarda xalqa arxalanmalı və xalqın dəstəyini qazanmalıdır: “Bu gün “Milli Şura” adı altında meydana atılan qüvvələrin xalqın dəstəyindən məhrum olduqları gerçəklikdir. Məhz buna görə də “Milli Şura” adlı qurumda təmsil olunanlar xarici qüvvələrə sığınıblar və onların diqtəsi ilə hərəkət edirlər. Xalqa söykənməyən qüvvə məhvə məhkumdur və onların heç bir gələcəyi yoxdur. Azərbaycan xalqı belə qüvvələri heç vaxt dəstəkləməyəcək”. YAP-ın icra katibi çıxışı zamanı öz tövsiyələrini də verib. O, bildirib ki, seçki ərəfəsində fəal gənclərin, qadınların potensialından, ziyalı insanların və ictimaiyyət arasında böyük nüfuza malik ağsaqqalların qüvvəsindən maksimum istifadə olunmalıdır.
Görüşlərdə məlumat verilib ki, İlham Əliyevin 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf edən ölkələri arasında özünə layiqli yer tutub. Ölkəmiz yaşadığımız bölgənin lider dövlətinə çevrilib. Ötən dövr ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enib. Xalq ötən 10 ilin nailiyyətlərinə qiymət verərək və gələcək 5 ildə Azərbaycanın daha da inkişaf edəcəyinə inanaraq YAP-ın sədri İlham Əliyevin namizədliyini irəli sürüb və seçkilərdə fəal iştirak edərək yalnız onu dəstəkləyəcək.
Tədbirdə ağdaşlıların seçkilərdə fəal iştirak edəcəyi və YAP-ın namizədi İlham Əliyevə yekdilliklə səs verəcəkləri qeyd edilib. Tədbirdə məlumat verilib ki, YAP Ağdaş rayon təşkilatı öz ətrafında 15 min 328 nəfəri birləşdirir ki, onların 43 faizi, yəni 6594-ü gənclər, 51,2 faizi, yəni 7851-i qadınlardır. Son bir ildə rayonda partiya sıralarına 1051 nəfər yeni üzv qəbul edilib. Qeyd edilib ki, YAP Göyçay rayon təşkilatı isə 7401 üzvü ətrafında birləşdirir ki, onlardan 4228 nəfərini qadınlar, 2846 nəfəri gənclərdir. Təkcə son 6 ayda partiya sıralarına 104 nəfər üzv qəbul edilib.