Bakı. Ramil Məmmədli – APA. “2012-ci ili müxalifət düşərgəsində təmsil olunan partiyalar üçün itirilmiş il hesab edirəm”. APA-nın məlumatına görə, bunu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Ə. Əliyev bildirib ki, parlament seçkisindən sonra müxalifətin vahid qüvvə kimi formalaşması cəhdləri və birlik istiqamətində bütün axtarışlar hələlik bir nəticə verməyib. Onun fikrincə, müxalifətin vahid qüvvə olaraq fəaliyyət göstərməsi və seçkilərə bu formatda getməsi müəyyən dividentlər gətirə bilər: “Müxalifət düşərgəsi aydın şəkildə cəmiyyətə göstərilməlidir. Çünki iqtidarın imkanları bütün meyarlar üzrə genişdir. Əsasən də inzibati rıçaqları güclüdür”.
2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlığa gəlincə, Ə. Əliyev qeyd edib ki, bu, müxalifət üçün inkişaf və ya imtahan ili olacaq: “Biz müxalifətin vahid qüvvə kimi formalaşması istiqamətində atılan addımları bitmiş hesab etmirik. Nə zaman ki, bunun mümkün olmayacağı qənaətinə gələcəyik, həmin vaxt bundan imtina edəcəyik”.
Ə. Əliyev VİP-də struktur islahatlarına başlandığı və bunun Azərbaycan partiya quruculuğu üçün yenilik olduğunu söyləyib: “Vətəndaş və İnkişaf Partiyası inzibati rayon bölgüsündən imtina edib. Bu mənada 2012-ci il partiya üçün keçid dövrü olub. Seçkiləri hədəf götürən partiya olaraq, bölmə təşkilatlarımızı dairə seçki komissiyaları miqyasında formalaşdırırıq. Partiyanın rayon təşkilatları tədricən dairə təşkilatları formatına çevrilməkdədir. Məsələn, biz Yasamal rayon təşkilatının bazasında 4 dairə təşkilatı yaratmışıq. Təşkilatlar dairə seçki komissiyasının inzibati ərazisinə uyğun formalaşdırılıb”.