APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan tarix boyu heç vaxt siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə bu qədər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməyib: “Əlbəttə, Avropanın bir nömrəli musiqi yarışması olan “Eurovision” müsabiqəsini qazanmaq musiqi sahəsində böyük nailiyyət olduğu kimi, onu uğurla keçirmək də böyük təşkilatçılıq bacarığı və beynəlxalq məsuliyyət tələb edirdi. Buna görə də Azərbaycan prezidentinin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə müvafiq komissiya yaradıldı. Komissiya qısa zamanda müsabiqənin keçirilməsi ilə bağlı bütün texniki və təşkilati məsələləri həll etdi, müsabiqənin keçirildiyi məkan - “Cristall Hall” tikilib istifadəyə verildi. Bununla Azərbaycan dövləti sübut etdi ki, həm onun gücü və imkanları yetərincədir, həm də qətiyyət, istək, imkan olan yerdə hər şeyə nail olmaq mümkündür”.
Əli Həsənov bildirib ki, “Eurovision” bizim üçün Azərbaycan xalqının mədəniyyətini, adət-ənənələrini, insan potensialını, müstəqillik illərində qazandığı uğurlarını dünyaya təqdim etmək üçün böyük fürsət olub: “Yerli və xarici KİV-lərdə gedən materiallar, çoxsaylı təhlillər və rəylər təsdiq etdi ki, Azərbaycana gələn xaricilər xalqımızın qonaqpərvərliyini, Bakının gözəlliyini, zəngin tarixini və müasir inkişafını xüsusi razılıqla qarşılayaraq, qısa dövr ərzində ölkəmizin əldə etdiyi uğurlara heyran olublar. Bütün dünya mediası tədbirin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı.
Ancaq çox təəssüf ki, bəzi xarici dairələr, dağıdıcı müxalifət və bir sıra yerli antimilli QHT-lər sinxron şəkildə “Eurovision-2012” və digər tədbirləri hədəf götürərək, heç bir əsası olmayan böhtanlarla, adi məsələlər ətrafında süni ajiotaj yaratmaqla bu tədbiri siyasiləşdirməyə, beynəlxalq ictimaiyyətin diqqətini başqa istiqamətlərə yönəltməyə çalışdılar. Vətəndaşların mülkiyyət hüququnun, ifadə azadlığının guya pozulması ilə bağlı təşkil olunmuş bədnam kampaniyaların əsas məqsədi də Azərbaycanı bir ölkə kimi gözdən salmaq, beynəlxalq ictimaiyyətdə ölkəmizə qarşı mənfi rəy formalaşdırmaqdan ibarət idi”.
Əli Həsənov qeyd edib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin baş planına uyğun olaraq daxili infrastrukturların yenidən qurulması, şəhərin əvvəlki illərdə pozulmuş ahənginin bərpası, vətəndaşların və sakinlərin rahat nəqliyyat hərəkətinin və istirahətinin təşkili üçün tədbirlər görülür: “Əlbəttə, bu işdə bəzi ailələrin başqa yerə köçürülməsindən qaçmaq qeyri-mümkündür. Lakin köçürülməyə məruz qalan insanların hüquqları tam təmin olunur, onlara daha münasib alternativlər, yaxud müvafiq ödəmələr təklif edilir və həmin insanlar da bunu razılıqla qarşılayırlar. Təbii ki, köçürülənlərdən bəziləri ənənəvi yaşayış yerini tərk etmək istəmədiyi üçün narazı qalır. Ancaq necə olur ki, minlərlə köçürülən insanın içərisindən bir neçə narazını təkrar-təkrar Qərb mətbuatının səhifələrinə çıxarırlar, onların qərəzli müsahibələrini dərc edirlər, lakin on minlərlə razı sakindən bir nəfərin də fikrini vermirlər? Məgər Londonda keçirilmiş Olimpiada zamanı köçürülənlər, onların arasında narazılar olmadı? Ancaq bu barədə bir kəlmə də yazmadılar. Yaxud xarici jurnalistləri xüsusi qaydada şəhərin kənarına apararaq hansısa “çatışmazlıqları” göstərmək hansı “azərbaycansevərlik” əlaməti idi?! Bəzi dağıdıcı müxalifət partiyalarının funksionerləri həmin günlər xarici jurnalistlər qarşısında qəsdən özlərini yerə yıxaraq, üst-başlarını cırır, xarici kameralara pozalar nümayiş etdirirdilər. Bütün bunlar hansı əxlaqi normaya sığırdı? Təəssüf ki, bütün bunlar da bir sıra dağıdıcı müxalifət dəstələrinin, bəzi QHT rəhbərlərinin qrant naminə 2012-ci ildə nümayiş etdirdiyi real antimilli fəaliyyət nümunələri idi”.