Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanda iqtidar-müxalifət dialoqunun məqsədi kiminsə öz iradəsini qarşı tərəfə qəbul etdirməsi və kimisə nəyəsə məcbur etmək demək deyil”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Azərbaycanda qarşıdan prezident seçkilərinin gəldiyini xatırladan Ə. Həsənov bildirib ki, iqtidar seçki ərəfəsində müxalifət partiyaları ilə, o cümlədən seçki institutları və QHT-lərlə görüşlərini davam etdirəcək: “Onlarla bərabər seçki prosesinin təşkili, seçkilərin daha şəffaf keçirilməsi ilə bağlı bütün tərəfləri narahat edən məsələləri müzakirə edəcəyik. Məqsəd də ondan ibarətdir ki, ümumrespublika əhəmiyyətli tədbiri - prezident seçkilərini ədalətli keçirək, bütün maraqlı tərəflər, seçkiyə qatılmaq istəyən partiyalar, qurumlar burada iştirak eləsin və hər kəs seçkinin nəticəsindən razı qalsın”.