Bakı. Könül Kamilqızı – APA. Əməkdar jurnalist Xalid Niyazovun Heydər Əliyev, İlham Əliyev və Mehriban Əliyevaya həsr olunan trilogiya - “Fateh”, “Fəthin yolu” və “Ümid qapısı” kitablarının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, X. Niyazov bildirib ki, “Fateh” kitabı Heydər Əliyevin həyat və fəaliyyətinə, “Fəthin yolu” kitabı Azərbaycanı bugünkü inkişaf yoluna gətirib çıxaran İlham Əliyevə, “Ümid qapısı” kitabı isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr edilib. “Fateh” kitabının redaktoru AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, “Fəthin yolu” kitabının redaktoru AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, “Ümid qapısı” kitabının redaktoru isə İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayevadır.
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov çıxışında deyib ki, Heydər Əliyevin həyatı və əməli fəaliyyəti önəmli, nümunəvi olduğu üçün onun hər bir məqamı barədə cild-cild kitablar yazılıb və bundan sonra da yazılacaq.
Nizami Cəfərov qeyd edib ki, X. Niyazovun seçilmiş məqalələrinin toplanmış olduğu “Fəthin yolu” kitabı oxuculara prezident İlham Əliyevin timsalında yeni dövr siyasi liderinin dolğun portretini təqdim edir.
Aytən Mustafayeva isə bəyan edib ki, “Ümid qapısı” kitabı hər birində Heydər Əliyev Fondunun fəaliyyətinin fərqli sahələrindən bəhs edən 4 fəsildən ibarətdir. Onun sözlərinə görə, nəfis poliqrafiya məhsulu olan bu nəşr müasir əliyevşünaslığa dəyərli töhfə olacaq.