Bakı. Etibar Məmmədov - APA. “Məşvərət Məclisi olaraq təklif edirik ki, daha geniş səviyyəli ümumxalq hərəkatı yaradılsın və siyasi gücündən asılı olmayaraq, islahat tərəfdarı olan bütün partiyalar orada təmsil olunsun. Biz Milli Şurada bərabərhüquqlu təmsil olunmaq istəyirik. Bu məsələdə isə çox böyük fikir müxtəlifliyi yaranır”. Bu açıqlamanı APA-ya Azərbaycan Liberal Partiyasının (ALP) sədri, Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü Əvəz Temirxan verib.
Onun sözlərinə görə, DQMM Milli Şurada tanınmış şəxslər prinsipi ilə təmsil olunmaq niyyətində deyil: “Çünki tərəfdarlarımızın təftişə uğradılması, kimin daha çox və ya az səs qazanmasının əsas götürülməsi narazılıq yarada bilər. Bu istiqamətdə fikirlərimiz arasında ciddi şəkildə fərq var. Bizim Milli Şurada iştirakımız hələ qətiləşməyib, müzakirələr gedir”.
Ə.Temirxan bildirib ki, Milli Şuranın yaradılmasını təklif edənlərin bəzilərinin mövqeyi siyasi qüvvələr arasında ayrı-seçkilik yaradır: “Çünki burada təmsil olunmaq istəyən qüvvələrə müəyyən şərtlər qoyulur”.
Qeyd edək ki, DQMM-ə daxil olan ALP, AMİP və ACP də Milli Şuranın yaradılması istiqamətində aparılan danışıqlar prosesində iştirak edir.