Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda 2010-2011-ci ildə 20 yeni məhkəmə yaradılıb. APA-nın məlumatına görə, bu barədə Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı ədliyyə naziri Fikrət Məmmədov bildirib. Onun sözlərinə görə, rayonlarda ağır cinayətlər üzrə məhkəmələr də yaradılıb: “Artıq yüzlərlə, minlərlə şəxslər Bakıya üz tutmalı olmur”.
F. Məmmədov məhkəmələr vətəndaşların, iş adamlarının hüquqlarının müdafiəsində dayanırlar: “Biz daim məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı sorğular keçiririk. Eyni zamanda hakimlərin məsuliyyətinin artırılması ilə bağlı xeyli tədbirlər görülüb. 60 hakimin səlahiyyətinə vaxtından xitam verilib, 148 hakim barədə inzibati tədbir görülüb, 3 hakim aşağı vəzifəyə keçirilib. Hakimlərlə bağlı Avropa Şurası ilə birlikdə Azərbaycanda ən ədalətli seçim qaydası tətbiq olunub ”.
Ədliyyə naziri 4 yeni məhkəmə binasının bu yaxınlarda istifadəyə verildiyini nəzərə çatdırıb: “Bu məhkəmələr də yeni prinsiplərlə qurulub. Vətəndaşlarla hakimlər arasında qeyri-prosessual məsələlərlə bağlı ünsiyyətinin qarşısının alınması istiqamətində addımlar atılıb. Məhkəməyə gələ bilməyən şahidlərin dindirilməsi də artıq mümkündür. Dünya Bankı bununla bağlı layihəni uğurlu qiymətləndirib və işlərimizi davam etdirmək üçün bizə dəstəyini davam etdirir. Bizim üçün əsas odur ki, bunlar real məhkəmə proseslərində də öz bəhrəsini göstərsin. Apellyasyia və Ali Məhkəmə tərəfindən işlərin ləğv olunmasından söhbət getdi. Bu gün diqqət yetirsək, görərik ki, 97 faizə qədər belə hal yoxdur, işlərin cüzi miqdarı yuxarı məhkəmə instansiyalarında ləğv olunur. Bu da təbiidir, Azərbaycanda 3 pilləli məhkəmə sistemi var. 2003-cü ildən Avropa məhkəmə sisteminə qoşulmuşuq. Avropa Məhkəməsinə 150 min iş yığılıb, təkcə bu işlərə baxmaq üçün məhkəməyə 20 il lazımdır. Bu işlərin 55 faizi Rusiya, İtaliya, Rumıniya və Yunanıstana aiddir. Azərbaycanla bağlı bu göstəricilər 2 dəfə azdır. İşlər çox olduğu üçün Avropa Məhkəməsində yerli məhkəmələrin işinin təkmilləşdirilməsi müzakirə olunur”.
F. Məmmədov deputat Qüdrət Həsənquliyevin Dövlət Vahid İstintaq Komitəsi və Andlilar Məhkəməsinin yaradılması ilə bağlı təklifinə də toxunub: “40 ilə yaxındır bu məsələ praktika və nəzəriyyədə müzakirə olunur. Hələlik bu institut MDB ölkələrindən Rusiyada yaranıb, bizdə də gələcəkdə bu baş tuta bilər. Digər tərəfdən, məhkəmə qərarlarının icrası ilə bağlı işlər aparılır və ildə iki dəfə prezidentə bununla bağlı məruzə edilir”.
Ədliyyə naziri aliment ödənilməməsmnə görə qanunvericiliyin sərtləşdirilməsinin artıq nəticə verdiyini bildirib: “Bu yaxınlarda nazirliyinin geniş Kollegiya iclası keçirilib. İşdə qüsurlara yol vermiş 30-a qədər icra məmuru intizam məsuliyyətinə cəlb olunub. Bu sahədə mövcud olan imkanları səfərbər etməyə çalışırıq ki, işimizi daha da yaxşılaşdıraq”.