Bakı. Ramil Məmmədli - APA. “İctimai Palata Koordinasiya Şurasının qəbul etdiyi son qərar “İctimai Palatanın prezident seçkiləri ilə bağlı qərarı” adlanır, amma bu prezident seçkilərində iştirak qərarı deyil. Bu qərar İctimai Palatanın seçkilərə hazırlığı ilə bağlıdır”.
Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib. O bildirib ki, İP-in seçkilərdə iştirakı ilə bağlı yekun qərar seçkilərə yaxın müddət qalmış veriləcək: “Seçkilər ərəfəsi hansı qərarın veriləcəyi bilinmədiyi üçün, İctimai Palata bütün hallarda seçkilərə hazır olmalıdır. İslahatlar bunun tərkib hissəsidir”.
F. Qəhrəmanlı AXCP-nin İP-dəki islahatlarla bağlı mövqeyini də açıqlayıb: “İctimai Palatada struktur islahatlarının aparılması qaçılmazdır. İslahatların tərkib hissəsi olaraq, indidən İcra Aparatı yaradılmalı, komissiyalar formalaşmalıdır. Bu qurumlara isə peşəkarlar cəlb olunmalıdır”.
O qeyd edib ki, İP-də bütün məsələlər konsensusla həll oluna bilər.