Bakı. Mübariz Aslanov – APA. Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) birləşən təşkilatlar qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər.
APA- nın məlumatına görə, bu qərar Şuranın bu gün keçirilən illik hesabat konfransında qəbul olunub.
Bununla bağlı verilən bəyanatda Azərbaycan gənclərinin tam əksəriyyətinin prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnun olduğu, bu məmnunluğun səbəbinin həyata keçirilən siyasətin Heydər Əliyev siyasi kursunun davamı olması, Azərbaycana sabitlik və davamlı inkişaf bəxş etməsi, Azərbaycanın dünyada və regionda söz sahibinə çevrilməsinə gətirib çıxarması, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəltməsi, Azərbaycan gəncliyinin və ölkəmizin uğurlu gələcəyinin təmin etməsi göstərilir.
ARGTMŞ-a üzv olan 100 minlərlə gənci təmsil edən 100-dən artıq gənclər təşkilatı bunu nəzərə alaraq Azərbaycanın istiqlaliyyətinin, dövlətçiliyinin gücləndirilməsi, vətənimizin daha da çiçəklənməsi naminə üzərinə düşən tarixi və vətəndaş məsuliyyətini dərk edərək, ölkəmizdə 2013-cü ildə keçiriləcək prezident seçkilərində prezident İlham Əliyevi gənclərin namizədi olaraq qələbəyə layiq ən real və uğurlu namizəd kimi bəyan edir.
Konfransda Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, gənclər və idman naziri Azad Rəhimov, bir sıra nazir müavinləri və deputatlar da iştirak edib.