Bakı. Etibar Məmmədov-APA. “Rüstəm İbrahimbəyovun Azərbaycana dönməsi prosesinin gecikməsi normal haldır”. Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Milli Şuranın sədri, vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmasına münasibət bildirərkən deyib.
G. Aslanlı bildirib ki, Müsavat Partiyası Rüstəm İbrahimbəyovu ciddi bir şəxsiyyət kimi qəbul edir və inanır ki, o verdiyi sözün üstündə duracaq: “Ümid edirik ki, Rüstəm İbrahimbəyov bəyan etdiyi kimi, ən azı seçki ərəfəsində, avqustun 2-də Azərbaycana dönəcək. Eyni zamanda biz onun vahid namizəd kimi də seçkilərdə iştirak edəcəyinə inamımızı ifadə etmişik. Burada bizim şübhə yerimiz yoxdur. Lakin hadisələr gecikə bilər, bir gün tez, ya da bir gün gec ola bilər. Hər hansı proqramda dəyişiklik ola bilər. Bunu normal qarşılamaq lazımdır, çünki, hər bir insanın başına gələcək bir haldır”.