Bakı. Ramil Məmmədli-APA. İctimai Palata (İP) “Seçki islahatları Memorandumu” ilə bağlı ictimai dinləmələr keçirib.
APA-nın məlumatına görə, sənədin hazırlanması üzrə işçi qrupunun üzvü, hüquqşünas Hafiz Həsənov memorandumda seçki qanunvericiliyinin təkmilləşdirilməsi, demokratik seçki mühitinin formalaşdırılması sahəsində islahatların aparılması ilə bağlı təkliflərin öz əksini tapdığını deyib.
Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, İP katibi Gülağa Aslanlı memorandumun hazırlanması prosesi və beynəlxalq təcrübə haqda danışıb.
AXCP sədri Əli Kərimli isə deyib ki, müxalifətdəki bütün qüvvələr bu sənəd ətrafında birləşə bilərlər: “Bütün siyasi qüvvələr bu sənədin, oradakı prioritetlərin ətrafında birləşə bilər. Ölkədə heç kim bu sənədə və buradakı prioritetlərə qarşı çıxmaz”. Ə. Kərimli memorandumun dəstəklənməsi ilə bağlı xüsusi təqdimatın keçirilməsi təklifi ilə də çıxış edib: “Bu sənədə hamı imza atmalı, memorandum bir növ Seçki Xartiyası statusu almalıdır. Vahid bir təşkilatda birləşə bilməyən qüvvələr bu Memorandumu imzalamaqla, yaxşı bir presedentin, funksional əməkdaşlıq modelinin ortaya qoyulmasına nail olacaqlar”.
Açıq Cəmiyyət Partiyasını təmsilçisi Salman Əliyev partiyasının hazırladığı sənədi təqdim edərək, təkliflə çıxış edib: “Gəlin birləşək, bir olaq, güclənək. İsa Qəmbəri və Əli Kərimlini də Demokratik Cəmiyyət Uğrunda Məşvərət Məclisinin işində iştirak etməyə çağırırıq”.
Demokratik Cəmiyyət Uğrunda Məşvərət Məclisinin adından çıxış edən, Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyli müxalifəti dialoqa çağırıb: “Biz koalisiya yaratmaq istiqamətində addım atmalıyıq. Dekabrın 31-ə kimi dünya azərbaycanlılarına birlik töhfəsini verək”.
Hüquqşünas Qurban Məmmədov bildirib ki, memorandum imzaya hazır deyil və burada yer alan qüsurlar aradan qaldırılmalıdır. O qeyd edib ki, sənəd imzalanmazdan əvvəl müxalifətin seçkiyə münasibəti aydın olmalıdır.
Müsavat Partiyasının başqanı İsa Qəmbər sənədin hazırlanmasını və ictimai müzakirəyə təqdim olunmasını əhəmiyyətli hadisə kimi xarakterizə edib. O həmçinin memorandumun müxalifət qüvvələri tərəfindən tez bir zamanda imzalanmasının zəruriliyini də vurğulayıb.