Bakı. Ramil Məmmədli - APA. “İctimai Palata dekabrın 10-na təyin etdiyi aksiyanı keçirməkdə israrlıdır, bununla bağlı qurumda hər hansı fikir ayrılığı yoxdur”.
Bunu APA-ya açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı deyib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin aksiya ilə bağlı cavabını əvvəlcədən təxmin ediblər: “Bilirdik ki, Bakı Şəhər İcra Hakimiyyəti bu dəfə də aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyəcək”.
R. Manaflı qeyd edib ki, Müsavat Partiyasının təşəbbüsü ilə sonradan İctimai Palatanın da dəstəklədiyi piket dekabrın 10-da Milli Məclisin binası qarşısında keçiriləcək: “Polisin bunun qarşısını almaq niyyətindən də xəbərdarıq. İstənilən halda aksiyanın keçirilməsinə səy göstəriləcək”.
Bakı Şəhəri İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya açıqlamasında deyib ki, piketin keçirilməsi ilə bağlı Müsavat Partiyasından məktub daxil olub, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun əsasında müraciətə baxılıb və cavab verilib: “Cavab məktubunda aksiyanın keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Səbəb isə qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndində göstərilən tələblər olub. Qanunun həmin müddəasında bir sıra dövlət qurumlarının qarşısında yaxınlığında aksiyaların keçirilməsində məhdudiyyətin olması qeyd olunur. Aksiyanın təhlükəsizliyinin təmini və ya qarşısının alınması isə hüquq mühafizə orqanlarının səlahiyyətindədir”.