Bakı. Etibar Məmmədov - APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib. Bu barədə APA-ya İP KŞ-ın dönəm sədri Zəfər Quliyev məlumat verib.
Onun sözlərinə görə, iclasda qərarların icra vəziyyəti, son sessiyanın nəticələri, ictimai-siyasi vəziyyət, cari məsələlər və İctimai Palatanın vəzifələri barədə müzakirələr aparılıb. O bildirib ki, iclasda bəzi təkliflər səsləndirilib və KŞ müvafiq qərarlar qəbul edib: “İctimai Palatanın sessiyasında irəli sürülən təkliflər müzakirə olunub və Koordinasiya Şurasının qərarı ilə İctimai Palata yanında İctimai Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul edilib. Komissiyanın yaradılmasında məqsəd Elşad Abdullayevin videoları və ölkədə baş verən müəmmalı hadisələri araşdırmaq, təhlil etməkdir. Komissiyanın tərkibinin müəyyənləşməsi gələn iclaslarda həllini tapacaq. Gələn həftə İctimai Palatada xüsusi dinləmələr keçiriləcək. Bu dinləmələrdə Elşad Abdullayevin videoları və baş verən müəmmalı qətllər, ölüm hadisələri haqqında müzakirələr aparılacaq və eyni zamanda İctimai Tədqiqat Komissiyası, onun tərkibi haqqında məlumat veriləcək”.
Dönəm sədri qeyd edib ki, iclasda həmçinin Əbülfəz Elçibəyin 75 illiyi ilə bağlı xüsusi tədbirlər planının hazırlanması, eyni zamanda yanvarın 20-də İctimai Palatanın tam tərkiblə Şəhidlər Xiyabanını ziyarət etməsi haqqında qərar qəbul edilib.