Bakı. Etibar Məmmədov-APA. “İctimai Palata və Ziyalılar Forumu təklifimizə cavab verməsə, REAL seçkilərə öz namizədi ilə qatılacaq”. Bu açıqlamanı APA-ya Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri İlqar Məmmədov deyib.
REAL sədri bildirib ki, hərəkat prezident seçkilərində iştirak edəcək. Onun sözlərinə görə, “REAL”ın ötən ilin iyunundan İctimai Palataya və Ziyalılar Forumuna irəli sürüdüyü təkliflərə hələ də cavab gəlməyib. Fevralın ortalarına qədər bu təkliflərin dəyərləndirilməsini gözləyəcəklərini deyən İ. Məmmədov müsbət cavab olmasa, hərəkatın seçkilərdə öz namizədi ilə iştirak edəcəyini bildirib: “Biz bəyan etmişik ki, İctimai Palata və Ziyalılar Forumu seçkilərdə vahid platforma və komanda ilə seçkilərdə iştirak etsin və biz də bu platformaya qoşularaq həmin namizədi dəstəkləyək. Bizim təyin etdiyimiz müddət hələ bitməyib. Müsavat Partiyası, Ziyalılar Forumu və AXCP-nin birlikdə təyin etdiyi namizədi fevralın ortalarına qədər gözləyəcəyik. Əgər müxalifətdə vahid platforma və komanda olmasa, o halda bizim hərəkat ayrı platforma, ayrı komanda və ayrı namizədlə çıxış edəcək”.
İ. Məmmədov REAL üzvlərinin Müsavat Partiyasına qarşı səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib: “Burada ədalətli tənqidlər də ola bilər. Lakin siyasi seçimə gəldikdə, İctimai Palatanın və Ziyalılar Forumunun birgə seçdiyi namizədin kim olmasından asılı olmayaraq, biz onu dəstəkləyəcəyik. O şəxsin istər İsa Qəmbər, istərsə də Əli Kərimli və yaxud digər şəxs olmasının heç bir fərqi yoxdur”.