Bakı - APA. Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı, Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun 75 yaşı tamam olur.
APA-nın məlumatına görə, İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində aldıqdan sonra elmi fəaliyyətini Leninqrad Dövlət Universiteti cinayət-hüquq kafedrasında davam etdirib. Əvvəlcə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi işçisi, sonra 2 il respublika prokurorunun köməkçisi işləyib.
İ.İsmayılov Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati orqanlar şöbəsinin təlimatçısı olduqdan sonra respublika prokurorunun müavini və baş prokuroru vəzifələrinə irəli çəkilib. O, SSRİ Prokurorluğunda şöbə rəisi, müstəqil Azərbaycanın ədliyyə naziri də olub. Hüquq elmləri doktorudur.
İ.İsmayılov siyasi fəaliyyətlə də məşğuldur. 1997-ci ildə rəhbərlik etdiyi Ədalət Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşib, İ.İsmayılov həmin partiyanın həmsədri seçilib. 2000-ci ildə Ədalət Partiyası yenidən müstəqil fəaliyyət göstərir.
Ailəlidir. İki oğlu, üç nəvəsi var.