Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyası Gənclər Təşkilatı partiyanın başqanı İsa Qəmbərin gənclərlə görüşü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) və əlavə olaraq, paytaxtda fəaliyyət göstərən 3 kinoteatra müraciət edib.
Partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi rəsmi müraciəti qəbul etsə də, “Bakı”, “Təbriz” və “Dostluq” kinoteatrlarının rəhbərliyi məktubu qəbul etməkdən imtina edib.
T. Abbaslı qeyd edib ki, yaranan problemlə bağlı partiyanın Gənclər Təşkilatı bu gün adıçəkilən kinoteatrlara müraciəti poçt vasitəsilə göndərib: “Bizim kinoteatrlara müraciətimiz kommersiya xarakterli olub. Yəni tədbirin keçirilməsi müqabilində müəyyən məbləği ödəmək niyyətindəyik”.
Qeyd edək ki, Müsavat Partiyasının Gənclər Təşkilatı martın 17-də partiyanın başqanı İsa Qəmbərlə gənclərin görüşünün keçirilməsinə dair qərar qəbul edib.