Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkəran səfəri zamanı avtomobilinin zədələnməsi ilə bağlı materiallar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib.
Vəkil Nemət Kərimli APA-ya bildirib ki, avtotexniki və əmtəəşünaslıq ekspertizası ilə bağlı mərkəzə edilən müraciətə cavab verilib. Ancaq bu cavab qanunvericiliyin bir sıra maddələrini pozub: “Mərkəz bildirib ki, ekspertiza yalnız tədqiqatçının qərarı əsasında həyata keçirilə bilər. Bu baxımdan da tədqiqatçının iştirakı ilə həyata keçirilməyən ekspertizaya dair sənədlərin qəbul edilməsi mümkün deyil”.
N. Kərimli qeyd edib ki, “Vəkillər və vəkillik haqqında qanunun” 15-ci maddəsinə əsasən vəkilin hüquqi sənədlər toplamaq və mütəxəssis rəyi almaq hüququ var. Bu baxımdan da həyata keçirilən ekspertiza hərəkəti qanuna uyğundur.
Vəkil bununla bağlı məhkəməyə müraciət ediləcəyini də qeyd edib.
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin korteji yanvarın 13-də Lənkəran şəhərində hücuma məruz qalıb.