Bakı-APA. Kanadanın paytaxtı Ottavanın Karlton Universitetində (Carleton University) “Xəzər hövzəsində enerji siyasəti və əməkdaşlıq potensialı: Türkiyə, Azərbaycan və Kanada perspektivləri” adlı seminar keçirilib. Tədbir Karlton Universiti nəzdində fəaliyyət göstərən Müasir Türkiyə Araşdırmaları Mərkəzinin təşəbbüsü ilə təşkil edilib.
Seminar çərçivəsində Azərbaycan və Türkiyənin Kanadadakı səfirləri, habelə Kanadanın müxtəlif elmi-tədqiqat mərkəzlərinin nümayəndələri çıxış edib.
Tədbirdə “Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi” (Azerbaijan’s Contribution to Energy Security) mövzusunda təqdimatla çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ölkəmizin həyata keçirdiyi enerji strategiyası haqqında məlumat verib, qeyd olunan sahədə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm layihələrdən danışıb. Səfir öz çıxışında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və Xəzər hövzəsindən Avropa ölkələrinə enerji daşıyıcılarının çatdırılmasında Azərbaycanın vacib rolu, o cümlədən ölkəmizin fəal iştirakı və dəstəyi ilə inşa edilən, enerji daşıyıcılarının nəql edilməsini nəzərdə tutan müvafiq layihələr barədə ətraflı məlumat verib.