Bakı. Etibar Məmmədov - APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
İdarə Heyəti tərəfindən qərarların icrası ilə bağlı deyilənlər nəzərə alınıb və 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı mütəxəssislər tərəfindən hazırlanmış “Memorandum” əlavə və düzəlişlərlə nəzərə alınıb və təqdir olunub.
KXCP Mərkəzi Seçki Qərargahının tərkibinin formalaşdırılması müzakirə olunub və layihənin Ali Məclisə təqdim olunması qərara alınıb.
Əsgər ölümlərinə etiraz edən gənclərin 12 yanvar aksiyasını vətəndaş mövqeyinin ifadəsi olaraq təqdir edən KXCP İdarə Heyəti aksiyada iştirak edən şəxslərə qarşı cərimələrin kəsilməsini və məhkəmə qərarlarının qəbul edilməsini qanunsuzluq adlandırıb.
KXCP İdarə Heyəti yanvarın 13-də Lənkəranda Müsavat Partiyasının başqanı İsa Qəmbərə qarşı törədilmiş hücumu da pisləyib.