Bakı. Etibar Məmmədov - APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
İclasda ATƏT və Böyük Britaniya səfirliyinin birgə təşkilatçılığı ilə Novxanıda keçirilən tədbirə təzyiq pislənilib.
İdarə Heyəti martın 10-da Bakıda Fəvvarələr Meydanında “Əsgər ölümünə son!” şüarı altında keçirilən etiraz aksiyasının tələblərini dəstəkləməklə yanaşı, aksiyanın polis tərəfindən dağıdılmasını, iştirakçılara fiziki zor tətbiq edilməsini pisləyib.
KXCP həbs olunanların və məhkəmə cəriməsinə məruz qalanların azad olunmasını, əsgər ölümünə görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.