APA-nın məlumatına görə, məhkəmə icraçıları mənzildə müsadirə oluna biləcək 7 əmlak vəsaiti qeydə alıblar. Bunlar 2 televizor, 1 kompyuter, 1 musiqi mərkəzi, 1 kondisioner, 1 çilçıraq və 1 xalçadır.
Artıq məhkəmə icraçıları mənzili tərk ediblər.
***
saat 12.38
Bakı. Ramil Məmmədli - APA. Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin Nəsimi rayon şöbəsinin əməkdaşları Müsavat Partiyasının başqanı İsa Qəmbərin mənzilində əşyaların siyahıya alınmasına başlayıblar.
APA-nın məlumatına görə, Məhkəmə İcraçıları Baş İdarəsinin Nəsimi rayon şöbəsinin bir qrup əməkdaşı bu gün səhər saatlarında Nəsimi rayonu, A. Gəraybəyli 67/71, mənzil 96 ünvanına gələrək, İsa Qəmbərin oğlu Turqut Qəmbərin cəriməsini ödəmədiyinə görə, ona məxsus əşyaların qiymətləndirilərək, müsadirə olunacağını bildiriblər.
Buna etiraz edən İ. Qəmbər deyib ki, mənzil onunla həyat yoldaşı Aida Bağırovanın adınadır və bu evdə Turqut Qəmbərin əmlakı sayılacaq hər hansı mülkiyyət yoxdur. Bundan başqa, T. Qəmbər bu mənzildə qeydiyyatda deyil.
Məhkəmə icraçıları isə bildiriblər ki, əşyalar siyahıya alınacaq və məhkəməyə təqdim olunacaq. Daha sonra ailədən bu əmlakların içində Turqut Qəmbərə aid olan əşyaların olub-olmaması barədə izahat alınacaq. Bundan sonra iki məhkəmə icraçısı əşyaları siyahıya almağa başlayıblar.
Qeyd edək ki, T. Qəmbər yanvarın 12-də paytaxtda keçirilən “Əsgər ölümlərinə son” aksiyasında iştirak zamanı saxlanılıb. Məhkəmə onun hərəkətlərini ictimai asayişin pozulması kimi dəyərləndirərək, 600 manat məbləğində cərimə kəsib.