Gəncə. Azər Məmmədli - APA. Gəncədə 38 saylı Nizami ikinci Dairə Seçki Komissiyasının (DSK) yeni binasının açılışı olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Elmar Vəliyev çıxışında bildirib ki, Gəncədə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. O qeyd edib ki, şəhərdə olan seçki məntəqələri təmir edilərək hazır vəziyyətə gətirilib. Həmçinin icra başçısı əlavə edib ki, 38 saylı DSK-nın binası istifadəyə verildikdən sonra gələn ay 40 saylı DSK da yeni binada fəaliyyət göstərəcək.
MSK sədri Məzahir Pənahov çıxışında bildirib ki, respublikada dairə seçki komissiyaları üçün yeni binaların tikintisinə 2007-ci ildən başlanılıb və bu günə kimi 125 dairədən 100-ü üçün yeni binalar tikilərək istifadəyə verilib.
M. Pənahov hazırda dairə seçki komissiyalarının yüksək standartlara cavab verən texniki baza ilə təchiz edildiyini söyləyib və ölkədə demokratik seçkilərin keçirilməsi üçün hər bir şəraitin olduğunu bildirib.
Tədbirin sonunda yeni təmir edilərək istifadəyə verilən dairə seçki komissiyasının binasına baxış keçirilib.
Gəncədə 4 dairə seçki komissiyası fəaliyyət göstərir. Yeni inzibati bina ilə təchiz edilən 38 saylı Nizami ikinci DSK-ya 24 məntəqə daxildir və 33 min 677 seçici məntəqələrdə səs verir.