APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Mövcud variantda qeyd olunurdu ki, 2013-cü il iyunun 1-dən pasportda elektron daşıyıcı (çip) yerləşdirilməsi, elektron daşıyıcıya (çipə) pasport sahibinin imzası istisna olmaqla onun barəsində məlumatlar, pasport sahibinin üz təsviri və barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilməlidir.
Müzakirəyə çıxarılacaq dəyişikliyə görə, bu tarix sentyabrın 1-ə keçirilir. Yeni formada həmçinin pasportların verilmə müddəti də göstərilib. Belə ki, pasportlar 1 yaşınadək uşaqlar üçün birillik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üçillik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beşillik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə onillik müddətə veriləcək. Ə. Hüseynli bildirib ki, qanuna dəyişikliyin edilməsi barədə müraciət Daxili İşlər Orqanlarından ünvanlanıb. O qeyd edib ki, həmin qurumlar yeniliklərin tətbiqi üçün müəyyən texniki işlərin aparılmasına ehtiyac olduğunu və buna zaman lazım olduğunu bildiriblər. Müzakirələrdə sonra layihə səsə qoyularaq qəbul olunub.