Bakı. Mübariz Aslanov – APA. Milli Məclisdə insan hüquqları üzrə müvəkkilin (ombudsman) illik hesabatı qəbul olunub. APA-nın xəbərinə görə, hesabatın müzakirəsi zamanı çıxış edən Qüdrət Həsənquliyev bildirib ki, hesabatla yaxından tanışdır və səs verəcək: “Amma bəzi təkliflərimin növbəti hesabatda nəzərə alınmasını istəyirəm. Ombusdman haqqında qanuna görə insan hüquqlarını pozan və müvəkkilin tələbləri ilə razılaşmayan dövlət və yerli özünü idarəetmə orqanlarının vəzifəli şəxslərinin adları çəkilir, onlarla bağlı görülmüş tədbirlər barədə hesabatda məlumat verilir. Amma indi bu barədə məlumat verilmədi və təklif edirəm növbəti hesabatda bu nəzərə alınsın”.
Elmira Axundova çıxışında ombusmanın özünü siyasi məhbus adlandıran şəxslərlə bağlı real vəziyyəti beynəlxalq təşkilatlara çatdırmasının vacibliyini vurğulayıb. Qənirə Paşayeva isə deyib ki, məruzədə ən çox şikayətlərin hansı sahələrlə əlaqəli olduğu göstərilib, amma bu problemlərin həllinin tapması tək ombudsmanın üzərinə düşən məsuliyyət deyil: “Məsuliyyət dövlət qurumlarının üzərinə düşür. Məsələn, ünvanlı sosial yardımla bağlı məsələni qeyd etmək istəyirəm. Kiminsə yararsız bir avtomobili, yaxud əkin üçün yararsız torpağı varsa, ona ünvanlı yardım verilmir. Yaxud evdə əlil var, onsuz da ayrılan pul ona güclə çatır. Əlilə verilən pul niyə ünvanlı sosial yardımın verilməsinə mane olmalıdır?!”
Aydın Mirzəzadə ombudsman Elmira Süleymanovaya regionlarda dinləmələr keçirməyi təklif edib: “İlk dinləməni də seçildiyim Mingəçevir şəhərində təşkil etməyi xahiş edirəm”.
Siyavuş Novruzov hesabatda dövlət orqanlarına tövsiyələrin verilməsinə diqqət çəkib: “Bu da Elmira xanımın kiçik bir aparatla kifayət qədər ciddi işlər gördüyünü göstərir. Məruzədən də görünür ki, tək bir sahədən 12 min müraciət daxil olub. Bütün bunlar göstərir ki, ombudsman institutu çox uğurla fəaliyyət göstərir. Şahidiyik ki, müxtəlif QHT, jurnalist təşkilatları 5 il əvvəl dediklərini indi də təkrarlayır, insan haqlarının pozulduğunu iddia edirlər. Bəzi hüquq müdafiə təşkilatları hüquq müdafiəsini biznesə çevirib. Dana oğrularından pul alıb, bəzilərinin adlarının Avropa Şurasının siyahısına salmasının şahidi olmuşuq. Ağır cinayət törədənlərin də adları belə siyahılara salınır. Bəzi vəkillər də vəkillik fəaliyyəti yox, ara düzəltməklə məşğul olur. Belə ağır dövrdə Elmira Süleymanovanın bu cür fəaliyyət göstərməsi və yaxşı məruzə təqdim etməsi təqdir olunmalıdır”.
Sonda ombudsman Elmira Süleymanova çıxış edərək səslənən təkliflərin nəzərə alınacağını söyləyib. O bildirib ki, son vaxtlar saxlanılan, həbs edilən jurnalistlərin sayı azalıb və bu, müsbət haldır. O, ictimaiyyətlə yerlərdə mütəmadi görüşlər keçirildiyini, parlamentə, müvafiq qurumlara müraciətlər ünvanlandığını qeyd edib: “Mənim kabinetimin qapısı bu 10 ildə bir dəqiqə bağlı olmayıb, həmişə açıqdır”.
Sonda hesabat səsə qoyularaq qəbul olunub.