Bakı. Pərvin Abbasov-APA. Milli Məclis (MM), Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə “Yuvenal ədliyyə haqqında” qanun layihəsinin müzakirəsinə dair dəyirmi masa keçirib.
APA-nın məlumatına görə, Milli Məclisdə keçirilən tədbir 20 noyabr – Ümumdünya Uşaqlar Günü və BMT-nın Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul olunmasının ildönümünə həsr olunub.
Tədbirdə çıxış edən MM sədrinin müavini Bahar Muradova, MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay tədbirin əhəmiyyətindən danışıblar. BMT-nin Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı nümayəndəsi Mark Herevard isə tədbirin mövzusunun həssas olduğunu deyib. O qeyd edib ki, hadisə baş verən zaman şahid və qurban olan uşaqların hüquqlarının qorunması vacibdir: “Ümumiyyətlə, uşaqlar törətdikləri əmələ görə məsuliyyət daşımır. Amma bu məsuliyyəti daşıyanlar var – ola bilsin ki valideyn, orta məktəb və s.”
MM sədrinin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli “Yuvenal Ədliyyə islahatı və sosial müdafiə sistemi” mövzusunda məruzə ilə çıxış edib. O, MM-in UNICEF-lə əməkdaşlıq etməsinə dair konkret nümunələr göstərib.
Dəyirmi masa müzakirələrlə davam etdirilib.