Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin qətnaməsi tənqid olunan zaman Azərbaycanın hakim partiyası ilə müxalif partiya arasında narazılıq yaranıb.
APA-nın məlumatına görə, Avropa Parlamentinin həbsdən azad edilməsini istədiyi İlqar Məmmədovla bağlı mövqeyini daha əvvəl açıqladığını, onun deputatları təhqiq etməsinin yolverilməz olduğunu bildirən deputat Fazil Mustafa deyib ki, Azərbaycanda bir sıra şəxslərin azadlığa buraxılmasına ehtiyac var: “Məsələn, Tofiq Yaqublu Qarabağ savaşının iştirakçısıdır, ən azı belə məqamları nəzərə almaq lazımdır”.
O, Avropa strukturlarından çıxmağın çıxış yolu olmadığını bildirib: “Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamədə qərəzli məqamlar var. Ancaq Avropa strukturlarında təmsil olunan deputatlarımıza qarşı iradları qəbul etmirəm. Yoxsa Siyavuş Novruzov 10 ildir ki, NATO Parlament Assambleyasındadır, NATO-nun bir diviziyasını gətirsin, Qarabağı azad etsin”. Fazil Mustafa Milli Məclisdə təmsil olunan partiyaların qruplar yaratmasını zəruri sayıb. Spiker Oqtay Əsədov isə Fazil Mustafaya irad tutub: “Sizin partiyanız niyə Avropa Parlamentinin qruplarında deyil? Ancaq Asim Mollazdənin partiyasını bu sahədə aktiv görürəm”.
Çıxış edən hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Fazil Mustafanın həbsdəki insanları azadlığa buraxmaq təklifini düzgün saymayıb: “İlqar Məmmədovun da həbsi qeyri-hüquqi hərəkətləri ilə bağlıdır. İsmayıllı hadisələri zamanı bir sıra müxalifətçi insanların iğtişaş törətmək niyyətindən xəbərdaram. Avropa Parlamentinin qətnaməsinə gəlincə, bu qətnamə hüquqi cəhətdən qüsurludur. Azərbaycan Avropa Parlamentində təmsil olunmadığına görə bizə qarşı belə sənəd qəbul etməsi hüququ cəhətdən qüsurludur. İkincisi, 32 deputatın qəbul etdiyi qətnamə Avropa Parlamentinin qətnaməsi kimi təqdim oluna bilməz. Bu sənədin “İlqar Məmmədovun işi” adlandırılmasına baxmayaraq, çoxlu işin bura daxil edilməsi qərəzlidir. Azərbaycan vətəndaşları da ölkəmizə qarış qəbul edilən bu sənədə etirazlarını bildirməlidirlər. Prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsində belə qətnamə qəbul edilməsi münasibətlərə xələl gətirə bilər”.