Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri tərəfindən bir sıra məsələlərə münasibət bildirilib. APA-nın məlumatına görə, deputatlar bir sıra təkliflərlə də çıxış ediblər.
Cari məsələlərin müzakirəsində çıxış edən millət vəkili Vahid Əhmədov diqqəti Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə diqqət yönəldib. Millət vəkili Gürcüstan azərbaycanlılarının Azərbaycanda vizasız qalma bilməsi üçün müəyyənləşdirilmiş 30 gün müddətin artırılmasını istəyib. Eyni zamanda Gürcüstandakı məktəblərə Azərbaycan dilində dərsliklərin göndərilməsinin vacibliyinə toxunan V. Əhmədovun sözlərinə görə, erməni lobbisi Gürcüstandakı azərbaycanlıların bu ölkədən deportasiyasına çalışır.
Millət vəkili Əli Əhmədov isə çıxışında Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərardan bəhs edib: “Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, ölkənin Avropa məkanında rolunun artmasından xəbər verir”.
Millət vəkili deyib ki, dünən Beynəlxalq İnsan Hüquqları Günündə müxalifət gəncləri küçələrə çıxarmaqla icazəsiz aksiya keçirməyə cəhd göstərib: “Müxalifətin az sayda uşağı küçələrə çıxararaq şuluqluq salmağa çalışması yolverilməzdir”.
Deputat Əli Məsimli isə deyib ki, hazırda Azərbaycanın Gürcüstana investisiya yatırması üçün münbit şərait yaranıb və Azərbaycan da bu şəraitdən istifadə etməlidir. Deputat Rusiyanın Qəbələ RLS-in istismarından imtinasından da bəhs edib və bunu Azərbaycanın böyük qələbəsi adlandırıb.
Deputat Mübariz Qurbanlı Qəbələ RLS ilə bağlı qəbul edilmiş qərara münasibət bildirərək deyib ki, bu mövzu ilə bağlı Azərbaycan mətbuatında ajiotaj yaratmaq cəhdləri var: “Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan Cənubi Qafqazda güclü və öz təhlükəsizliyini təmin edən dövlətdir. Bununla bağlı yayılan informasiyalar üçüncü tərəfə kömək edir. Bu hadisə bizim Rusiya ilə münasibətlərə heç bir mənfi təsir göstərməyəcək”.
Spiker Oqtay Əsədov isə çıxışında deyib ki, xaricdəki azərbaycanlılar bir-birlərinə dəstək verməlidirlər. “Bu məsələ barədə düşünmək lazımdır. Sankt-Peterburqda 350 min azərbaycanlı, Ukraynada 300 min azərbaycanlı yaşayır, amma orada bir deputatımız yoxdur. Biz bu məsələlərə diqqət yetirməliyik”.
Millət vəkili Siyavuş Novruzov müxalifət partiyalarında təmsil olunan bir qrup şəxs tərəfindən ötən gün paytaxtın mərkəzində keçirilən aksiyalara münasibət bildirib: «Bir neçə nəfər öz sürücüsünü, cangüdənini şəhərin mərkəzinə göndərənlər, şuluqluq salanlar ermənidən yaxşı deyil. Bunlar 20 ildir eyni sözü deyirlər. Bu adamlar üçün xalq, millət, dövlət anlayışı yoxdur. Onlar yalnız özlərini düşünürlər”.
Deputat Gürcüstan azərbaycanlılarının probleminə də toxunub və soydaşlarımızın aktivliyini artırmasına ehtiyac olduğunu vurğulayıb: «Gürcüstanda bu gün 500 min azərbaycanlı yaşayır. Gürcüstan parlamentində cəmi 2 azərbaycanlı deputat var. Biz gücümüzü qoyub onların sayını artırmalıyıq. Gürcü dilini bilənlərin sayını artırmalıyıq. Gürcüstan rəhbərliyi ilə görüşlərdə dəfələrlə oradakı azərbaycanlıların işlə təminatı məsələsini qaldırmışıq. Deyirlər ki, siyahı verin, diplomunu göstərin. Onlarda çıxarıb Elşad Abdullayevin ABU-sunun diplomunu göstərirlər. Reallıq budur”.