Bakı. Etibar Məmmədov – APA. Bu gün bir neçə müxalifət partiyasının və ictimai hərəkatın təsis etdiyi Milli Şuranın (MŞ) ilk sessiyası keçirilib.
APA-nın məlumatına görə, sessiyanın ölkədəki ictimai siyasi vəziyyət və Milli Şuranı vəzifələri, işinin təşkili ilə bağlı müzakirələr aparılıb, 17 komissiya və komitə yaradılıb.
Lakin Milli Şuranın bəzi üzvləri komissiya və komitələrə etiraz ediblər. MŞ üzvü Cəmil Həsənli isə komissiyaların çox olmasına etirazını bildirib: “Burada bəzi komissiyaları birləşdirmək olar, bəziləri isə ümumiyyətlə lazım deyil. Məsələn ekologiya komissiyası artıqdır. Milli Şuranın keçid dövrü üçün ekologiyadan da vacib işləri var”.
Müsavat başqanı İsa Qəmbər səslənən irad və təklifləri nəzərə alaraq, komissiya və komitələrin yaradılmasını bir qədər sonraya saxlamağı, komissiyaların sayı ilə bağlı məsələni Milli Şuranın icra aparatının rəhbəri ilə yenidən razılaşdırmağı təklif edib.
Təklif səsə qoyularaq qəbul edilib.