Bakı. Etibar Məmmədov-APA. Müasir Müsavat Partiyası (MMP) Amerikanın Azərbaycandakı səfirinin ölkədə fəaliyyət göstərən bir qrup partiya sədrləri ilə müzakirələr aparması, MMP-nin isə görüş üçün etdiyi müraciətinin cavabsız qalması ilə bağlı ABŞ Senatına və Departamentinə müraciət edəcək.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı MMP bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Müasir Müsavat Partiyası Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki diplomatik korpusu və onun nümayəndələrini ölkədə siyasi partiyalar arasında ikitirəlik saldığına görə qınayır.
“Beynəlxalq təşkilatların dövlətçiliyimizin qorunub saxlanmasında maraqlı olan konstruktiv müxalifətə qarşı münasibətini qeyri-obyektiv hesab edərək bildiririk ki, əlaqələrin ikili standartlar çərçivəsində qurulması ümumilikdə demokratik dəyərlərin tapdanmasına xidmət edir”
MMP bəyan edir ki, siyasi qüvvələrin fəaliyyətinə yanaşmada Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin ikili standartlara çıxış etməsi MMP-ni ABŞ Senatına və Departamentinə rəsmi məktub göndərməyə məcbur edir.