Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyasının qərargahında partiyanın Qadınlar Təşkilatının təşəbbüsü ilə Müsavat başqanı İsa Qəmbərin qadınlarla görüşü keçirilib.
APA-nın məlumatına görə, Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü bildirib ki, görüşün keçirilməsində məqsəd partiyanın prezidentliyə namizədi İsa Qəmbərin qadınların problemlərini, təklif və iradlarını dinləmək və onların gələcəkdə həllinə nail olmaqdan ibarətdir: “Partiya yarandığı gündən qadına böyük önəm verib və qadının ictimai-siyasi həyatda rolunun artırılmasına çalışıb. Burada qadınlara tərəfindən səsləndirilən fikirlər və təkliflər prezidentliyə namizəd İsa Qəmbər tərəfindən nəzərə alınacaq”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə çıxış edərək ölkədəki ictimai-siyasi durumdan danışıb. Ölkədə ciddi problemlərin olduğunu deyən İ. Qəmbər, hakimiyyətə gələcəyi təqdirdə bunların həllinə çalışacağını qeyd edib: “Müsavat Partiyası ölkədə köklü demokratik dəyişikliklər apararaq bu problemlərin həll edəcək. Pensiyaları artırmaq, sosial sahədə islahatlar aparmaq və bir çox istiqamətində bizim ideyalarımız var”.
İ. Qəmbər həmçinin qadınların cəmiyyətdəki rolunu da yüksək qiymətləndirərək onların siyasi mübarizədə həlledici qüvvə olduğunu vurğulayıb: “Ölkə əhalisinin təxminən yarısının qadınlar olduğunu nəzərə alaraq deməliyəm ki, qadınlar ortaya mövqe qoymalıdırlar”.
Sonra digər çıxışlar da səslənib və İ. Qəmbər qadınların suallarını cavablandırıb.