Bakı. Ramil Məmmədli – APA. Bu gün Müsavat Partiyasının Divanının toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyadaxili məsələlərin müzakirəsi zamanı keçirilmiş zona müşavirələri haqda məlumat dinlənilib və planlaşdırılan müşavirələrin tarixləri dəqiqləşdirilib. Daha sonra yanvarın 13-də Lənkəran səfəri zamanı İsa Qəmbərə və onu müşayiət edən şəxslərə qarşı təşkil edilən hadisə ilə bağlı müzakirələr aparılıb. Yığıncaqda qeyd olunub ki, prokurorluğa rəsmi müraciət edilsə də, bu günədək heç bir istintaq hərəkəti aparılmayıb. Müsavat Partiyası müvafiq orqanlardan həmin hadisəni obyektiv araşdırmağı və günahkarların aşkarlanaraq cəzalandırılmasını tələb edib.
Divanda “Binə” Ticarət Mərkəzində işləyən sahibkarların yanvarın 18-də keçirdikləri aksiya ilə bağlı da geniş müzakirə aparılıb. Divan başlanmış cinayət işinin obyektiv və ədalətli, həm də şəffaf keçirilməsini tələb edib.
AMİP Siyasi Şurasının bu gün keçirilən yığıncağında da “Binə” Ticarət Mərkəzində sahibkarların keçirdiyi etiraz aksiyası ilə bağlı da bəyanat verilib. Bəyanatda AMİP baş verənləri pisləyib, bunu etiraz hüququndan istifadə etməyə çalışan insanlara qarşı yönələn qanunsuz addım kimi qiymətləndirib. AMİP hakimiyyət orqanlarının diqqətinə çatdırıb ki, əhalinin etirazlarını zor tətbiq etməklə yatırmaq daha ağır nəticələrə gətirib çıxara bilər.