Bakı. Ramil Məmmədli - APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyadaxili məsələlərin müzakirəsi zamanı seçkilərə hazırlıqla bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, müvafiq qərarlar qəbul edilib.
Divan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və REAL hərəkatının rəhbəri İlqar Məmmədovun həbsini pisləyib, onların apellyasiya şikayətinə baxılmasında yol verilən qanun pozuntularına, o cümlədən nüfuzlu beynəlxalq ictimai təşkilatların nümayəndələrinin məhkəmə zalına buraxılmamasına etiraz edib.
Daha sonra Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun apellyasiya şikayəti ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsində yol verilən neqativ hallara etiraz edilib.
Toplantıda son günlər qeyri-hökumət təşkilatları, dini icmalar və siyasi partiyaların fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən düzəlişlərlə bağlı irəli sürülmüş layihələr ilkin müzakirə edilib.