Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Məclisinin toplantısında Məclis üzvü İkram İsrafil məclisin mətbuata qapalı keçirilməsini təklif edib.
APA-nın məlumatına görə, o bildirib ki, son vaxtlar Müsavat Partiyası və onun başqanı İsa Qəmbərə qarşı kampaniya başlayıb: “Baxmayaraq ki, Müsavat Partiyası əvvəldən Milli Şuranı dəstəkləyib, belə hallar artıb. Məclisin qapalı keçirilməsində məqsəd hər kəsin öz düşüncələrini açıq ifadə etməsinə imkan yaratmaqdır. Bu baxımdan toplantının mətbuata qapalı keçirilməsini təklif edirəm”.
Müsavat başqanı İsa Qəmbər isə deyib ki, Müsavat Partiyasının siyasəti həmişə şəffaf olub: “Biz həqiqətləri deməklə yanaşı, demokratik qüvvələrin birliyinə xələl gətirməməliyik. Buna görə də hesab edirəm ki, məclis ənənəsinə uyğun olaraq açıq keçirilməlidir”.
Sonra təklif səsə qoyulub, lakin qəbul edilməyib. Məclis mətbuatın iştirakı ilə davam edib.