Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyası bu gün məhkəmə icraçılarının İsa Qəmbərin evinə gələrək, onun oğlu Turqut Qəmbərin məhkəmə cəriməsini ödəmədiyinə görə, əmlakı qeydə alması ilə bağlı bəyanat yayıb.
Partiyadan APA-ya daxil olan bəyanatda qeyd edilib ki, ev və evdəki əmlak Turqut Qəmbərə deyil, İsa Qəmbərə aid olduğu üçün məhkəmə icraçılarının əməlləri qanuna ziddir.
“Ümumiyyətlə, son günlər Bakı şəhərində, eləcə də ayrı-ayrı rayonlarda məhkəmə icraçıları analoji tələblərlə həmin mitinqdə cərimə olunan fəalların mənzillərinə soxulur, həmin evlərdəki əmlakı qeydə alır və bu zaman həmin əmlakın cərimə olunan şəxsə aid olub-olmadığı belə müəyyənləşdirilmir. Artıq Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, Müsavat Gənclər Təşkilatının fəalı Elçin Cərullazadə, Azad Gənclik Təşkilatının sədri Ülvü Həsənli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bu təzyiqlərlə üzləşiblər”, - bəyanatda bildirilir.
Müsavat Partiyası cərimələrlə bağlı aparılan icraatın dayandırılmasını tələb edib.
Qeyd edək ki, T. Qəmbər 12 yanvar aksiyasında 500 manat, 26 yanvar mitinqində 2500 manat məbləğində cərimə olunub və məhkəmə cəriməsini ödəmədiyinə görə bu gün onun yaşadığı mənzildəki əmlak qeydə alınıb.