Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qurumun başqanı İsa Qəmbərin martın 17-də keçirilən gənclərlə görüşü haqqında fikir mübadiləsi aparılıb və bu tipli görüşlərin davamlı olacağı bildirilib.
Divan Müsavat başqanının müavini Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbirinin daha iki ay uzadılmasına da münasibət bildirib və bu həbsi siyasi sifariş hesab edib.
Divan “N!DA” Vətəndaş Hərəkatı üzvlərinin həbsinin Müsavat Partiyasının diqqətində olduğunu bildirib. Hərəkatın idarə heyətinin həbs olunan üzvü Rəşad Həsənovun hələ də vəkili ilə görüşməsinə imkan verilməməsi ciddi qanun pozuntusu kimi qiymətləndirilib. Divan Müsavat Partiyasının Naxçıvan MR təşkilatının sədri Sabir Vəliyevin döyülməsi faktı ilə bağlı hər hansı araşdırmanın aparılmadığını qeyd edib.
Toplantıda bildirilib ki, Müsavat Partiyasının qərargahında Demokratiyaya Yardım Fondunun elan etdiyi “10 qəpik” kampaniyası çərçivəsində xeyriyyə marafonu keçirilib. Divan bu prosesin davam etdirilməsini məqsədəuyğun saydığını bəyan edib.
Sonda cari məsələlərə baxılıb.