Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyasının qərargahında Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsi ilə bağlı mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı həmin şəxslərin həbsinə beynəlxalq birliyin təpkisi olacağını deyib. A. Hacılı həbs olunan şəxslərin İsmayıllıda etiraz aksiyası baş verəndə orada olmadıqlarını bildirib: “Yalnız hadisə baş verəndən sonra Tofiq Yaqublu və İlqar Məmmədov yanvarın 24-də 1 saatlıq orada olublar. Tofiq Yaqublu oraya “Yeni Müsavat” qəzetinin əməkdaşı kimi, İlqar Məmmədov isə hüquq müdafiəçisi kimi prosesləri daha yaxından izləmək üçün gediblər. Sonra polisin rayonu tərk etmək çağırışına əməl edərək, oranı tərk ediblər. Hesab edirəm ki, bu hadisədə heç bir təşkilatçılıq olmayıb və bu bir anda ortaya çıxan xalqın narazılığının ifadəsidir. Ona görə də, bu həbslər tamamilə yanlışdır”.
A. Hacılı qeyd edib ki, bu həbslərin qarşısını almaq üçün ciddi etiraz aksiyaları keçirilməlidir.
İP KŞ üzvü Pənah Hüseyn bu problemin həllində birlik nümayiş etdirməyin vacibliyini bildirib. Onun sözlərinə görə, müxalifət partiyaları bu həbslərə etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirməlidir.