Bakı. Ramil Məmmədli – APA. “Müstəqil hüquqşünasların hazırladığı “Seçki islahatları Memorandumu”nun icrasında partiyaların səmimi olub-olmamasının məsuliyyəti həmin təşkilatların üzərinə düşür”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib.
O bildirib ki, sənədə imza atan Müsavat Partiyası, AXCP, AMDP (Boz qurd), AXP, ACP, AMİP, ALP, KXCP, VHP, Ümid Partiyası və ADP-yə yığıncaqda iştirak etmək üçün dəvət göndərilib.
V.Mirkamal deyib ki, sənədi hazırlayanların niyyəti memorandum ətrafında koalisiyanın yaradılmasına nail olmaqdır. Memorandumu dəstəkləyən qüvvələrin bir araya gələrək, seçki strategiyasının formalaşdırılması istiqamətində müzakirələr aparılmasında yubanma yer məsələsində yaranan problemlə əlaqədardır. O, tədbirin hansısa partiyanın toplantı zalında keçirilməsində ortaya çıxacaq problemləri də açıqlayıb: “Məlumdur ki, bu kimi tədbirlərin partiyada keçirilməsi sonradan problemlər yaradır. Çünki partiya sədrlərinin bir qrupu gəlmir. Bu, Azərbaycan müxalifətinin reallığıdır. Ona görə də partiyalar da bu tədbirin hansısa təşkilatın binasında keçirilməsini məqsədəuyğun hesab etməyiblər”.
V.Mirkamal bütün variantların götür-qoy edildiyini də söyləyib: “Kənar yerdə toplantı üçün yer verilməyəcəksə, son sığınacağımız hansısa partiyalardan birinin qərargahı olacaq. Hər halda, tədbirin əhəmiyyətinin qərargah məsələsinə görə itirilməsini istəmirik. Bu baxımdan hələ düşünürük”.