Bakı. Mübariz Aslanov - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi ilə birgə “Gənclərin dövlətin ictimai həyatında rolu” mövzusunda növbəti seminar keçirib.
APA-nın məlumatına görə, seminarda mühazirə ilə çıxış edən YAP sədrinin müavini-icra katibi, deputat Əli Əhmədov bildirib ki, Azərbaycanda layiqli gənclik formalaşıb: “Gənclərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsi bütövlükdə gəncliyin inkişafı, gəncliyin ictimai-siyasi həyatda rolunun gücləməsi baxımından böyük əhəmiyyət kəsb edir”.
Ə. Əhmədov deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutmaqdadır: “Gəncliyin ən mühüm vəzifəsi estafeti qəbul edib, layiqincə davam etdirməkdir. Güman edirəm ki, bugünkü gənclik bu missiyanı həyata keçirmək üçün hazırdır”.
YAP-ın sədr müavini bildirib ki, bu gün Azərbaycanın dövlət siyasətində gənclərə böyük əhəmiyyət verilir. Onun sözlərinə görə, dövlət gənclərlə bağlı bütün layihələri layiqincə yerinə yetirir, gənclərin ictimai-siyasi həyatda iştirakı üçün hər cür şərait yaradılır.
Seminarda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev isə deyib ki, bugünkü gənclik ölkənin ictimai-siyasi həyatına kifayət qədər təsir etmə imkanına malikdir. Nazir müavini Azərbaycanda gənclər üçün bütün şərait yaradıldığını diqqətə çatdırıb: “Məhz ulu öndər Heydər Əliyev gənclərlə bağlı böyük siyasət başladı, bu çərçivəsində gənclərlə bağlı nazirlik yaradıldı. Heydər Əliyev gənclərin yüksək vəzifələrə irəli çəkilməsinə daim önəm verib. Hazırda bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Nazir müavini gənclərə Azərbaycan dövlətinin qayğısından danışaraq onları ölkə həqiqətlərini dünyaya çatdırmaqda daha da fəal olmağa çağırıb.