Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın vahid namizəd müəyyənləşdirməsində qanuna zidd heç nə yoxdur.
F. Mustafa qeyd edib ki, müxalifətin müəyyən bir qisminin, xüsusilə də xarici ölkələrlə ciddi münasibətləri və əməkdaşlığı olan qüvvələrin öz vahid namizədini müəyyən etməsi o demək deyil ki, bu şəxs bütün müxalifətin namizədidir: “Çünki müxalifət çox şaxəlidir və parlament müxalifəti də bu seçkilərdə iştirak edəcək. Bu zaman Azərbaycan xalqının dəstəyi daha bariz görünəcək ki, kimə daha çox dəstək verir. Ona görə də Milli Şuranın namizədinin müxalifətin vahid namizədi kimi təqdim olunması doğru deyil”.
F. Mustafa onu da bildirib ki, Milli Şuranın vahid namizəd elan etdiyi Rüstəm İbrahimbəyovun indiki halda ölkəyə gəlib-gəlməməsi önəmli rol oynamır: “Bu, onu seçənlərin problemidir. Bu da bir taktikadır”. Seçkilərdə namizəd kimi iştirak edəcək F. Mustafa Milli Şuranın vahid namizədini özünü alternativ görmür: “Yeganə alternativ namizəd olaraq iqtidarı görürəm. Amma bütövlükdə düşüncə olaraq bu gün müxalifətin müəyyən bir qisminin baxışlarını Azərbaycan üçün faydalı hesab eləmirəm. Ona görə də seçki kampaniyasında iqtidara yönəlik tənqidlər ilə yanaşı eyni zamanda müxalifətin bu zehniyyətinə qarşı da fərqli mövqeyim ola bilər”.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də APA-ya açıqlamasında deyib ki, Milli Şuranın vahid namizəd hansı formada müəyyənləşdirməsi onu maraqlandırmır: “Bu, mənə aid məsələ deyil”. İ. Ağazadə bildirib ki, siyasi partiyalar, ictimai təşkilatlar və ayrı – ayrı adamlar toplanaraq vahid namizədlərini müəyyən ediblər: “İstər ölkədə olan, istər ölkədə olmayan namizəd olsun, bu, onların daxili işləridir”. Prezidentliyə namizədliyini irəli sürəcək İ. Ağazadə də R. İbrahimbəyovu özünə siyasi rəqib kimi görmür: “Mənim yeganə siyasi rəqibim hazırkı iqtidardır”.
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov isə APA – ya bildirib ki, Milli Şura da daxil olmaqla heç bir müxalif birliyin fəaliyyəti onları maraqlandırmır: “Seçkilərdə biz yalnız Ədalət Partiyası olaraq iştirak edirik və partiyanın da yalnız öz vahid namizədi olacaq. Kim kənarda nə yaradıb və kim vahid namizəd olub, bunu mənə dəxli yoxdur. Çünki müxalif partiya olaraq bizim öz planımız, öz strategiyamız var və bununla da seçkiyə gedirik”. İ. İsmayılov bundan əvvəlki həmkarlarından fərqli olaraq Milli Şuranın vahid namizədi R. İbrahimbəyovu seçkilərdə özünə siyasi rəqib görür: “Əlbəttə ki, bütün iştirak edən namizədləri biz özümüzə siyasi rəqib görürük”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı isə APA-ya açıqlamasında bildirib ki, R. İbrahimbəyov müxalifət adına vahid namizəd kimi təqdim olunsa da, başqa namizədlər də var və Milli Şuranın da R. İbrahimbəyovu sona qədər dəstəkləyəcəyi bəlli deyil: “Bu hələ ilk addımdır və nəticəsini bilmədən heç nə deyə bilmirəm”. Belə olduğu halda sədri olduğu VHP-nin Gənclər Təşkilatının sədri Samir Əsədlinin R. İbrahimbəyovun rəhbərliyi altında olan Milli Şurada təmsil olunmasına münasibət bildirən S. Rüstəmxanlı deyib ki, Samir Əsədli Milli Şuraya İctimai Palatadan gedib: “Amma mən orda deyiləm, mən Milli Məclisdəyəm... Bundan başqa mən heç nə demək istəmirəm, çünki ortada heç bir aydınlıq yoxdur. Görək hələ bütün müxalifət partiyaları yığışıb Rüstəm İbrahimbəyovu dəstəkləyəcəkmi? Hələlik Rüstəm İbrahimbəyov ölkəyə gəlməyib...”