Bakı. Ramil Məmmədli - APA. “Desəm ki, Milli Şurada təmsil olunmamağımın heç bir səbəbi yoxdur, doğru olmaz”.
Bunu APA-ya Azərbaycan Xalq Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib.
O bildirib ki, Milli Şuranın üzvü olmayacağı haqda iki ay əvvəl İctimai Palatanın Koordinasiya Şurasının iclasında bəyan edib: “Məsələnin ictimailəşdirilməməsi üçün qərarımı Milli Şuranın üzvlərinin bəlli olmasından sonra açıqlanması qənaətimə gəldim”.
P. Hüseyn bildirib ki, onun son anda - iyunun 5-də Milli Şurada təmsil olunmaqdan imtina etməsi haqda Rüstəm İbrahimbəyovun dedikləri həqiqətə uyğun deyil: “Ya xəbəri yoxdur, ya da ona dəqiq informasiya verməyiblər”.
P. Hüseynin sözlərinə görə, o və Xalq Partiyası İsa Qəmbərin namizədliyini müdafiə edir: “Lakin səmimi şəkildə bildirirəm ki, bu mənim Milli Şura ideyasının əleyhinə olmağım, perspektivinə inanmamağım qənaətinə gəlməməlidir. Milli Şurada təmsil olunmamağım neqativ deyil, pozitiv addım kimi qiymətləndirilməlidir”.
Bununla belə, o, Milli Şurada təmsil olunmamasının konkret səbəblərini açıqlamayıb.
P. Hüseyn Milli Şuranın təsis olunmasının İctimai Palatanın fəaliyyətinə təsir etməyəcəyi də vurğulayıb.