Bunu APA-ya açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib. P. Hüseyn bildirib ki, Əli Kərimlinin və İsa Qəmbərin bu məsələdə konsensusa gələcəklərinə ümid edir: “Amma indiki məqamda tərəflər arasında İctimai Palata çərçivəsində hansısa qərar xarakterli razılığın olmasına dair məndə məlumat yoxdur”.
“Əli Kərimli namizədliklə bağlı güzəştə gedə bilərmi” sualına cavabında Pənah Hüseyn qeyd edib ki, hazırda qurumda müzakirə olunan məsələ İP-in 2013-cü il prezident seçkilərində aktiv şəkildə, yəni öz namizədi ilə iştirakı məsələsidir: “Namizədin kim olması məsələsi isə müzakirə mövzusu deyil. İsa Qəmbərin prezidentliyə namizədliyi ilə bağlı dedikləri isə niyyət xarakterli açıqlamadır. Çünki Müsavat Partiyasının namizədliklə bağlı rəsmi qərarı yoxdur. Eyni zamanda isə qərar olsa belə, İctimai Palatanın siyasi xəttinə zidd deyil. Belə ki, İctimai Palatanın bununla bağlı “Seçki memorandumu” adlı sənədi var. Memorandumdakı məqamlar seçkilərdə bu cür məsələləri ehtiva edir”.