Bank Of Baku

Pənah Hüseyn: “Mən İsa Qəmbəri müdafiə edəcəyəm” - MÜSAHİBƏ

Pənah Hüseyn: “Mən İsa Qəmbəri müdafiə edəcəyəm” - <span style="color: red;">MÜSAHİBƏ
# 29 dekabr 2012 12:54 (UTC +04:00)

- İsa Qəmbər və Əli Kərimlinin rəhbərlik etdikləri partiyaların funksionerləri, o cümlədən fəalları arasında artıq gizlədilməsi mümkün olmayan qarşıdurma göz önündədir. Bu vəziyyətdə İctimai Palatanın vahid qüvvə olaraq prezident seçkisində iştirakı məsələsi nə dərəcədə real görünür?   

 

- Bu məsələ ilə bağlı hər hansı sual yoxdur və bu, süni məsələ kimi gündəmə gətirilir. Belə müzakirələrin niyə gündəmə gətirilməsinə dair öz mülahizələrimiz var. Açığı, bu hal yaxşı görünmür. Çünki 19 dekabrda İctimai Palatanın seçkidə iştirakı ilə bağlı qərarından sonra bu mövzuda müzakirələr kəsilməli idi. O ki qaldı Müsavat və AXCP üzvləri arasında fikir müxtəlifliyinə, məncə üst-üstə düşən məqamlar daha çoxdur. Məsələn, hakimiyyətə və antidemokratik mühitin dəyişdirilməsinə qarşı mübarizədə hədəflər 90 faiz üst-üstə düşür. Təbii ki, müəyyən fikir müxtəlifliyi də ola bilər. O cümlədən, partiyanın daxilində də bu mümkündür. Belə müzakirələrin aparılması partiyaların demokratikliyindən və münasibətlərin də bu meyarlar çərçivəsində olmasından irəli gəlir.

 

Başqa məsələdir ki, xüsusən sosial şəbəkələrdə aydınlaşdırıldığına görə, əsas etibarı ilə anonim imzalarla çıxış edən araqarışdıranların, həm iqtidar, həm də son dövrdə bəzi erməni “İP”lərin də bu prosesə qoşulması haqda məlumatlar əldə olunub. Bu da rəqiblərimizin provokasiya cəhdləridir ki, bundan da nəticə hasil olunmayacaq. Yəni partiyalar arasında real hər hansı problem mövcud deyil.

 

- Bir müddət əvvəl mübahisələr partiya fəalları arasında idisə, artıq mübahisələr partiya sədrlərinin müavinləri səviyyəsində gedir. Bunu hər gün izlədiyiniz mətbuatdan da görə bilərsiniz...

 

- Ola bilər. Amma bu İctimai Palatanı dağıdacaq, yaxud da Müsavat Partiyası ilə AXCP arasındakı münasibətlərin qırılmasına səbəb olacaq səviyyədə deyil, mən hansısa təhlükə görmürəm. Baxmayaraq ki, Azərbaycan siyasətinin ən önəmli fiqurlarından olan Arif Hacılıya qarşı, əsas etibarı ilə anonim mənbələrdən gələn provokasiyalı təbliğatı da pisləyirəm. O cümlədən AXCP liderlərinə qarşı anonim mənbələrindən yazılanları aranın  qarışdırılması faktı hesab edirəm. Bir də hesab edirəm ki, ümumiyyətlə həm partiya funksionerləri, həm də Əli Kərimli və İsa Qəmbər arasında anlaşılmazlıqların çözülməsi mümkündür, həmişə də belə olub. Bu məsələdə də narahatlığa əsas yoxdur.

 

- İsa Qəmbər prezident seçkisində iştirakla bağlı istəyini reallaşdırmaq istiqamətində addımlar atıb və partiyanın Divanı bunu rəsmiləşdirərək, Ali Məclisə tövsiyə verib. AXCP-nin də seçki strategiyası açıqlanıb və bu qurum vahid qüvvə ilə seçkiyə getməyin tərəfdarı olduğu qənaətinə gəlib. Sizcə, bu ciddi fikir ayrılığı deyilmi?               

 

- İctimai Palatanın üzvlərinin seçkidə iştirakı ilə bağlı açıq mövqeyi var və bu qərar şəklində açıqlanıb. Prezident seçkilərində iştirak, namizədliyin irəli sürülməsi və bunların icrası üçün hərəkətlər İctimai Palatanın mövqeyinə müvafiq hesab olunur. İctimai Palatadan kiminsə prezident seçkilərində namizədliyini irəli sürməsi qurumun əsasnaməsinə zidd deyil. Ona görə də Müsavat Partiyasının Divanının bu qərarına hörmətlə yanaşılmalıdır. Şəxsən mən, seçkidə iştirak edəcək şəxslərin namizədliyinin irəli sürülməsi qərarının vaxtında verilməsi qənaətindəyəm.

 

- AXCP isə İsa Qəmbərin, yəni Müsavat Partiyası Divanının qərarı ilə razılaşa bilmir. AXCP vahid komanda tərəfdarı olduğunu deyir. Elə yaranan narazılıq da bununla bağlıdır.      

 

- Biz vahid komanda şəklində seçkiyə gedirik. Yəni ola bilər bu barədə məlumatınız yanlış olsun. İctimai Palatanın qeyd etdiyim qərarında göstərilib ki, İctimai Palata seçkilərdə vahid namizədlə iştirak barədə ilkin qərar qəbul edib və bu istiqamətdə addımlar atıb. Buraya vahid qərargahın yaradılması, platformanın hazırlanması və hətta İctimai Palatanın namizədinin müəyyənləşməsi məsələsi gündəmdə olarsa, proseduraların hazırlanması daxildir. Yəni İctimai Palata əslində seçkidə vahid komanda ilə iştirak qərarını verib.

 

- Belə olduğu təqdirdə bu qərarın icrası niyə hiss olunmur? Əksinə qarşılıqlı ittihamlar həm sosial şəbəkələrdə, həm də mətbuat səhifələrində çox sayda yer alır.

 

- Gələn ilin yanvarın 5-də İctimai Palatanın sessiyasıdır. Sessiya həmin qərarı təsdiq etməlidir. Bundan sonra işlər intensivləşdirilməlidir. Ümumiyyətlə isə bu istiqamətdə işlər aparılır. Məsələn, Vahid Platformanın hazırlanması istiqamətində işlərə noyabrdan start verilib. Amma qərar yanvarın 5-də təsdiq olunarsa, bu istiqamətdə işlər sürətlənəcək.

 

- İctimai Palatanın Koordinasiya Şurası üzvləri arasında prezident seçkilərində iştirak etməkdə iddialı iki şəxsin olduğu bəllidir. İsa Qəmbər artıq iddiasını açıqlayıb. Belə olan təqdirdə mümkündürmü, Əli Kərimli  həmkarına güzəştə getsin?

 

- İctimai Palata daxilində Əli Kərimlinin və İsa Qəmbərin adları önə çıxıb. Lakin biz istər İctimai Palatanın üzvləri sırasından, istərsə də qurumun üzvü olmayan şəxslərin arasından da namizədin olması məsələsinin açıq qaldığını qeyd etmişik. Bu baxımdan həmin məsələdə də həll olunmayan problem yoxdur. Hesab edirəm ki, müxalifət düşərgəsi vahid komanda ilə iştirak strategiyasını üzərinə götürdüyü kimi, çox böyük ehtimalla vahid namizəd məsələsini də həll etmək iradəsi nümayiş etdirəcək. Bu məsələni demokratik mühitin təmin olunması uğrunda mübarizədən kənar etmək də doğru deyil. Güzəşt kimi terminləri isə uğurlu saymırıq. Burada ümumi mənafeyə xidmətdən söhbət gedə bilər.

 

- Məhz, dediyiniz bu mənafeyə xidmət edərək, güzəşt imkanı varmı? 

 

- Güzəştə getmək məsələsini provakativ yanaşmalardan biri hesab edirəm. Bunlar xırda məsələlərdir və bizim düşərgəyə nifaq sala bilməz. Doğru, düzgün qərarı hər bir kəs ayrı-ayrılıqda və təşkilatlar olaraq partiyalar da İctimai Palatada qəbul edəcək. Bundan heç kəsin narahatçılığı olmasın.

 

- İctimai Palatanı prezident seçkisindən sonra bu formatda görə biləcəyikmi?

 

- Seçkidən sonra İctimai Palata hakimiyyət şəklində mövcud olacaq. Daha doğrusu, özəklərindən biri olacaq. Amma “Şər deməsən, xeyir gəlməz” deyiblər. İctimai Palatanın  Azərbaycanda demokratik dəyişikliklərə nail olana qədər fəaliyyətini davam etdirməsi gözlənilir.

 

- Pənah bəy, hökumətin idarəçiliyində rəhbər şəxs olaraq iştirak etmisiz. Yəni qeyd etdiyiniz üçüncü şəxs olaraq, prezidentliyə namizədliyinizi irəli sürmək niyyətiniz varmı?

 

- Bu barədə açıq mövqeyimi ifadə edirəm. Deyirəm ki, mən İsa Qəmbəri, yaxud da İsa Qəmbərin dəstəklədiyi namizədi müdafiə edəcəyəm. Bu seçkilərdə mövqeyim bundan ibarədir. Hələlik bu niyyətimin hər hansı dəyişikliyə uğraması gözlənilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR