Bakı-APA. “Yeni Azərbaycan Partiyası siyasi davranış qaydalarını da müəyyən edib və çox şadam ki, siyasi fəaliyyətlə məşğul olan əksər siyasi partiyalar bu sivil siyasi davranış qaydalarına əməl edirlər”. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayındakı çıxışı zamanı bunu bəyan edib.
Prezidentin sözlərinə görə, heç də bütün siyasi qüvvələr siyasi davranış qaydalarına əməl etmirlər: “Elələri var ki, onlar islah oluna bilməz. Bu, onlara şamil edilə bilməz. Bu, antimilli qüvvələrdir. Vaxtilə iqtidarda olmuş və bu gün də iqtidar arzusu ilə heç bir əsası olmadan yaşayan antimilli xəyanətkar, satqın qruplaşmalardır ki, onlar öz fəaliyyətlərini tamamilə başqa istiqamətdə görürlər. Onların siyasi fəaliyyəti, - əgər buna siyasi fəaliyyət demək mümkündürsə, - tamamilə başqa istiqamətdə gedir. Onların siyasi mübarizə üsulu söz deyil, fikir deyil, “Molotov kokteyli”dir. Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır.
Əlbəttə, belə qruplaşmaların Azərbaycanın siyasi həyatında yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünməyən qüvvəyə Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Biz müstəqil dövlət qurmuşuq. Ulu Öndər canı hesabına müstəqil dövlət qurub. Biz müstəqilliyi qoruyuruq, saxlayırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillik sadəcə olaraq dövlət atributlarına malik olmaq deyil. Müstəqillik müstəqil siyasət aparmaq, öz maraqlarını müdafiə etmək, öz milli maraqlarını hər şeydən üstün tutmaqdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən sözün əsl mənasında müstəqil dövlətdir. Biz bu müstəqilliyi möhkəmləndirməliyik”.
Dövlət başçısı iqtidarın hər bir tərəfdaşla bərabərhüquqlu münasibətlər qurduğunu bəyan edib: “Biz ancaq bu münasibətləri qəbul edirik. Başqa cür ola da bilməz. Bizə rəqib olmaq istəyənlər isə xarici dairələrin təlimatı ilə fəaliyyət göstərirlər. Onlar üçün xaricdən verilən vəsait, oradan verilən təlimatlar əsasdır. Onlar hakimiyyətə gəlmək üçün istənilən güzəştə getməyə hazırdırlar. Biz bunu bilirik. Biz bilirik Azərbaycanda nələr baş verir, hansı proseslər gedir. Hətta bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də hakimiyyətə gəlmək üçün böyük güzəştlərə getməyə hazırdırlar. Bunu gizlətmirlər. Söz verirlər ki, əgər onlara böyük dəstək verilərsə, Qarabağı da ermənilərə bağışlamağa hazırdırlar.
Mən bunu ona görə deyirəm ki, bu, artıq, necə deyərlər, siyasi səhnədə bir reallıqdır. Ona görə yox ki, bu, bizi narahat edir. Tamamilə yox. Yenə də deyirəm, mən bizim qarşımızda rəqabət aparmaq qabiliyyətində olan heç bir qüvvə görmürəm. Ona görə ki, bax son illər ərzində görülmüş işlər bu inamı artırır.
Sadəcə olaraq çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. İqtidar-müxalifət münasibətləri də olmalıdır. Yəni, bizdə dövləti düşünən müxalifət nümayəndələri vardır və onların fikirləri ayrıdır, ölkənin inkişaf strategiyası, iqtisadi-siyasi sahə ilə bağlı öz fikirləri ola bilər. Bu, təbiidir. Ancaq əsas odur ki, dövlətçiliyə, müstəqilliyə bütün siyasi qüvvələr sadiq olsunlar. O qüvvələr ki, buna sadiq deyil, o qurumlarda yeniləşmə getməlidir. Yeni insanlar gəlməlidir rəhbərliyə və naftalin qoxusu verən köhnəlmiş “liderlər” tarixin arxivinə getməlidir. Əslində, onlar çoxdan tarixin arxivindədir, sadəcə olaraq, bunu hələ ki, axıra qədər dərk etməyiblər”.