Bank Of Baku

Prezident İlham Əliyev “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi ilə tanış olub

Prezident İlham Əliyev “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi ilə tanış olub
# 11 aprel 2013 16:18 (UTC +04:00)

Bakı-APA. Bakı Sərgi Mərkəzində “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi işə başlayıb. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev sərgi ilə tanış olub.

 

Dövlət başçısına məlumat verən “Azərsu” ASC-nin sədri Qorxmaz Həsənov bildirib ki, “CATEF-2013” sərgisi Xəzər regionunda su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir. “Azərsu” ASC-nin təşəbbüsü və fəal dəstəyi ilə təşkil olunan sərginin tərəfdaşı “Iteca Caspian” MMC-dir.

 

Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən və planlaşdırılan genişmiqyaslı layihələr, ən yeni avadanlıq və texnologiyaların ölkəmizdə tətbiqi və istifadəsinin geniş perspektivləri, habelə investorların regiona getdikcə artan marağı bu tədbirin aktuallığını şərtləndirir. Hazırda Azərbaycanda şəhər və rayon mərkəzləri, eləcə də kənd və qəsəbələrdə su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması, Ceyranbatanda ən müasir təmizləmə qurğularının quraşdırılması, tullantı və yağış sularının idarə edilməsi və s. layihələr həyata keçirilir. “CATEF-2013” yuxarıda qeyd olunan layihələr çərçivəsində işgüzar əməkdaşlığın həyata keçirilməsi sahəsində mühüm rol oynayacaq və bütövlükdə bu sahənin inkişafına təkan verəcəkdir. Artıq indidən sərginin uğurlu başlanğıcını proqnozlaşdırmaq olar.

 

Sərgidə 23 ölkədən 79 şirkət məhsul və xidmətlərini təqdim edir. “CATEF-2013”də su təchizatı sistemləri, tullantı və yağış sularının təmizlənməsi, mikrotunellərin tikintisi, suyun analizi üçün ölçmə və tənzimləmə texnologiyaları, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermal texnologiyalar, dəniz suyunun duzsuzlaşdırılması texnologiyaları və digər sahələr üzrə, məhsullar, xidmətlər və texnologiyalar nümayiş etdirilir.

 

“CATEF-2013”ün yerli iştirakçıları bu sahənin aparıcı şirkətlərindən - “Akkord Azərbaycan”, “Azərsutəchizattikinti”, “Aquatech/Esli”, “NJT 2000”, Sumqayıt Texnologiyalar Parkı və digərlərindən ibarətdir. İştirakçıların 50 faizindən çoxu isə xarici şirkətlərdir. Onlarında arasında “Awas”, “Herrenknecht AG”, “Krohne”, “PWT” (Almaniya), “DOW” (ABŞ), “Duktus” (Avstriya), “Ekoton” (Rusiya), “Grundfos” (Danimarka), “Hyundai” (Koreya Respublikası), “Hungarian Water Cluster” (Macarıstan), “Nippon Koei” (Yaponiya), “Nordic Water-EMO” (İsveçrə), “Samsun Makina” (Türkiyə), “Suez Environment” (Fransa), “Xylem” (İsveç) və digər şirkətlər vardır.

 

Dövlət başçısının diqqətinə çatdırılıb ki, işgüzar proqramın əsas hissələrindən biri ilk dəfə keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları Forumudur. Sərgi ilə forumun eyni vaxtda keçirilməsi sayəsində qabaqcıl texnologiyaların nümayişini su sənayesi üzrə aktual məsələlərin müzakirəsi ilə səmərəli surətdə uzlaşdırmaq mümkün olacaq. “CATEF-2013” sərgisi və forumu bu sahənin mühüm hadisəsinə çevriləcək, su təchizatı sahəsində mütəxəssislər arasında beynəlxalq əməkdaşlığın inkişafına öz töhfəsini verərək işgüzar münasibətlərin qurulması, təcrübə mübadiləsi və uzunmüddətli saziş və müqavilələrin imzalanması üçün şərait yaradacaq.
 

Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub. Sərgi ilə tanışlıqdan sonra dövlət başçısı “CATEF–2013” birinci Xəzər Beynəlxalq Su texnologiyaları sərgisi və forumunun işinə uğurlar arzulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR