APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə - iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılış mərasimində ölkə prezidenti İlham Əliyev deyib. "1993-cü ilə qədərki vəziyyəti biz yaxşı xatırlayırıq, siz də xatırlayırsınız. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya ölkəyə çox böyük zərbə vurub. O vaxt - bütövlükdə 1991-1993-cü illərdə Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi, Azərbaycanda sabitlik pozulmuşdu, daxili çəkişmələr baş verirdi və bu çəkişmələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı”, deyə prezident qeyd edib.
Dövlət başçısının sözlərinə görə, tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi: “İş burasındadır ki, Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbərliyi, onlar özləri anarxiyanın, özbaşınalığın inkişafında və ya tüğyan etməsində əsas rol oynayıblar. O vaxt daxili işlər orqanlarının rəhbərləri faktiki olaraq ölkədə kriminogen vəziyyət yaratmışdılar. Polis orqanları, xüsusilə nazir və onun müavinləri özləri quldurluqla məşğul idilər. O illər hamımızın yaxşı yadındadır – özbaşınalıq, reket, qanunsuz hərəkətlər faktiki olaraq cəmiyyətdə polisə qarşı münasibəti, hörməti sıfıra endirmişdi”.
Prezident İlham Əliyev qeyd edib ki, belə ağır vəziyyətdə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndə bütün başqa sahələrlə bərabər, polis orqanlarının müasir səviyyədə formalaşmasına çox böyük təkan vermişdir. “Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi – bütün bu məsələlər ölkəmizin ümumi inkişafına çox müsbət təsir göstərmişdir. Çünki yaxşı xatırlayırıq ki, o vaxt Azərbaycanda sabitlik pozulmuşdu, iqtisadi tənəzzül müşahidə olunurdu, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı, Azərbaycana investisiyalar gəlmirdi, iqtisadi inkişaf ümumiyyətlə dayanmışdı. Sənaye sahəsində isə tənəzzül elə idi ki, bütün sənaye müəssisələri demək olar ki, iflic vəziyyətə düşmüşdü”, deyə prezident İlham Əliyev vurğulayıb .
Prezident İlham Əliyev qeyd edib ki, hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Onun sözlərinə görə, bu gün dünyanın müxtəlif bölgələrində hökm sürən prosesləri izləyərkən bir daha görürük ki, sabitlik pozulduqda bütün başqa məsələlər də öz həllini tapa bilməz: “Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Ona görə sabitliyin bərpa edilməsi o illərdə ən başlıca vəzifə idi. Ulu öndərin qətiyyəti, müdrikliyi, xalqın ona olan inamı və polis orqanlarının fəaliyyəti bu sabitliyi yarada bildi və artıq 20 ildir ki, Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. İyirmi ildir ki, biz uğurlu inkişaf yolu ilə gedirik və bu sabitlik, bir daha demək istəyirəm ki, bütün inkişafın təməlində dayanan amildir”.
“Biz əlbəttə ki, gələcək planlarımızı da bəyan etmişik və planlarımız çox açıqdır. Azərbaycan bundan sonra da inkişaf etməlidir. Azərbaycanda çox böyük quruculuq işləri aparılır. Sosial məsələlər öz həllini tapır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci dövlət yoxdur. Əsas nailiyyətimiz ondan ibarətdir ki, biz Ulu Öndərin qoyduğu yola sadiqik. Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin davam etdirilməsi bizim gələcək uğurlarımızı da şərtləndirir”, deyə dövlət başçısı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır: “Bizim təşəbbüslərimiz artıq dünya miqyasında öz böyük əhəmiyyətini göstərməkdədir. O ki qaldı daxili vəziyyətə, Azərbaycanda daxili vəziyyət çox sabitdir, müsbətdir. Bütün iqtisadi layihələr uğurla icra edilir. İqtisadiyyatımız artır. İqtisadiyyatın bütün sahələri inkişafdadır. Cəmiyyətdə çox müsbət ovqat, ab-hava var. Azərbaycana gələn yüksək səviyyəli qonaqlar mənimlə görüşlər əsnasında bunu daim vurğulayırlar. Əlbəttə ki, Bakının gözəlliyi, Azərbaycanın inkişafı onlara çox böyük təsir göstərir. Ancaq eyni zamanda, vurğulayırlar ki, cəmiyyətdə çox gözəl ab-hava var. İnsanların rahat yaşamaları, səhər, axşam, gecə vaxtlarında ictimai yerlərdə ailələri ilə rahat gəzintiyə çıxmaları - bütün bunlar bizim üçün artıq bir reallıqdır”.
Prezidentin sözlərinə görə, bir çox ölkələrdə vəziyyət tam başqadır: “İndi biz görürük ki, müxtəlif bölgələrdə, müxtəlif qitələrdə qarşıdurmalar, etirazlar, daxili çəkişmələr böyük fəlakətlərə gətirib çıxarır. İnsanların böyük əksəriyyəti vəziyyətdən narazıdırlar. Bəzi ölkələrdə hər üç-dörd ildən bir dəyişən hakimiyyət də bax, bu narazılığın əlamətidir. İnsanlar ümid etmək istəyirlər ki, yeni hakimiyyət onların hansısa problemlərinin həlli ilə məşğul olacaq. Ancaq vaxt keçir və insanlar məyus olurlar”.
“Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində, vətəndaşlarda gələcəyə çox böyük inam var. Bütün rəy sorğuları onu göstərir ki, Azərbaycan vətəndaşları gələcəkdə onları daha da gözəl şəraitin, gözəl həyatın gözlədiyinə inanırlar. Biz əlbəttə ki, bu müsbət meylləri gücləndirməliyik, Azərbaycanın uğurlu inkişafını təmin etməliyik və edəcəyik. Son illər ərzində apardığımız siyasət onu göstərir ki, bu, düzgün siyasətdir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə öz inkişafını davam etdirir. Bu inkişaf insanların rifah halının yaxşılaşmasında da özünü göstərir”, deyə prezident İlham Əliyev qeyd edib.
Prezident İlham Əliyev qeyd edib ki, əlbəttə, ictimai asayiş Azərbaycanda daim yüksək səviyyədə qorunmalıdır: “Xüsusilə, yenə də deyirəm, 1992-1993-cü illəri biz yaxşı xatırlayırıq. Xatırlayırıq ki, ictimai asayiş pozulduqda ölkə idarəedilməz vəziyyətə düşür. Bu gün ictimai asayiş polis orqanları tərəfindən layiqincə qorunur.
Azərbaycanda bax, bugünkü vəziyyətin, bu sabitliyin, inkişafın, gələcəyə inamın təməlində dövlət siyasəti dayanır. Düzgün, müdrik dövlət siyasəti ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır. Eyni zamanda, polis işçilərinin fəaliyyəti, onların peşəkarlığı, ictimai asayişin onlar tərəfindən qorunması bu sabitliyi daha da möhkəmləndirir”.
Dövlət başçısı Azərbaycanda polis orqanlarında islahatların uğurla getməyinə, peşəkarlığın artmasına şad olduğunu bildirib. “Bax, bu Akademiyada hazırlanan kadrlar peşəkar kadrlar olacaqlar. Eyni zamanda, Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik. Mənə nazir tərəfindən hər gün məlumat verilir ki, gün ərzində təqribən 30-40 cinayət törədilir. Cinayətlərin mütləq əksəriyyəti o qədər də ağır cinayətlər deyil. Yəni, 9 milyon 300 min əhalisi olan ölkə üçün 30-40 cinayət çox cüzi bir rəqəmdir”, deyə prezident qeyd edib.
Prezidentin sözlərinə görə bu, onu göstərir ki, cəmiyyətdə hökm sürən sabitlik, müsbət inkişaf dinamikası, əlbəttə ki, kriminogen durumun da müsbət səviyyədə qalmasına xidmət edir: “Çünki işsizliyi, yoxsulluğu həddən artıq çox olan ölkələrdə cinayətkarlıq da çox olur, yəni, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Cəmiyyət bir canlı orqanizmdir. Azərbaycanda son illər ərzində işsizlik demək olar ki, aradan qaldırılıb, cəmi 5,2 faizdir. Yoxsulluq şəraitində yaşayanların sayı 6 faizdir və mən qarşıya vəzifə qoymuşam ki, yoxsulluq aradan qaldırılmalıdır.
Yəni, cinayətkarlığın inkişafına rəvac verən amillər Azərbaycanda demək olar ki, aradan qaldırılır. Bu vəziyyət məni çox sevindirir. Çünki Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı ən təhlükəsiz şəhərlərindən biridir. Bakıda sutka ərzində insanlar rahat yaşayırlar, axşam, gecə saatlarında rahat gəzirlər. Siz polis işçiləri bunu yaxşı bilirsiniz, çünki bu vəziyyətə nəzarət edirsiniz. İnsanlar doğrudan da, həyatdan zövq alırlar”.
Ölkə başçısı Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı çox ciddi mübarizə aparıldığını qeyd edib: “Bu mübarizə nəticəsində deyə bilərəm ki, Azərbaycanda mütəşəkkil cinayətkarlıq aradan qaldırılıb. Ayrı-ayrı təzahürlər olur, amma dərhal onların qarşısı alınır. Hesab edirəm ki, biz bu istiqamətdə də çox böyük uğurlara nail olduq. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bu sahədəki vəziyyət çox müsbətdir”.
“Polisin texniki təminatı da yüksək səviyyədə həll edilir. Bu məsələ daim diqqət mərkəzindədir. Yeni texniki vasitələrdən istifadə, deyə bilərəm ki, profilaktika məsələlərini də uğurla həll etməyə imkan verir. Şəhərimizin müxtəlif yerlərində quraşdırıImış təhlükəsizlik kameraları öz müsbət rolunu oynayır, həm profilaktika nöqteyi-nəzərdən, eyni zamanda, cinayətlərin açılması üçün onların çox böyük faydası var. Azərbaycanda cinayətlərin açılması da yüksək səviyyədədir. Bu da polis işçilərinin peşəkarlığından xəbər verir. Eyni zamanda, biz yeni texniki vasitələrdən uğurla istifadə edirik və edəcəyik. Texnologiyalar sürətlə inkişaf edir. Bildiyiniz kimi, Azərbaycan texnoloji tərəqqiyə çox böyük diqqət göstərir. Biz ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq edirik, o cümlədən təhlükəsizlik məsələlərinin həlli üçün biz bu texnologiyalardan səmərəli şəkildə istifadə edirik”, deyə prezident bildirib.
Prezident İlham Əliyev bildirib ki, son illər ərzində bu istiqamətdə çox ciddi addımlar atılıb: “Əminəm ki, Azərbaycanda bu müsbət dinamika gələcəkdə davam etdiriləcək.
Daxili Qoşunlar da inkişafdadır. Daxili Qoşunların təminatı yüksək səviyyədə həll edilir. Ən müasir texnika, döyüş avadanlıqları gətirilir. Daxili Qoşunlar böyük qüvvədir və əlbəttə, Daxili Qoşunların da cəmiyyətdə çox böyük funksiyaları var. Hər an, hər zaman Daxili Qoşunlar sabitliyin, asayişin keşiyində olmalıdır və belə də olacaq”.
Dövlət başçısı həmçinin polis orqanları qarşısında duran vəzifələrə də toxunub. Onun sözlərinə görə, ilk növbədə, asayişi qorumaq polisin əsas funksiyasıdır: “Deyə bilərəm ki, polis işçiləri bu vəzifəni uğurla icra edirlər. İnsanlara polis əməkdaşları tərəfindən daim diqqət, qayğı göstərilməlidir, kobudluğa yol verilməməlidir. Belə faktlar aşkarlanarsa, dərhal tədbir görülməlidir.
Cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə aparılmalıdır. Azərbaycan, bir daha demək istəyirəm ki, bütün istiqamətlər üzrə nümunə ola bilər, o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində də bizim təcrübəmiz hesab edirəm ki, başqa ölkələr üçün də maraqlı ola bilər. Yəni, polis orqanları və onun əməkdaşları bu istiqamətdə də çox ciddi olmalıdırlar”.
Prezident qeyd edib ki, polis əməkdaşları korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə də ön sıralarda olmalıdırlar: “Bilirsiniz ki, Azərbaycanda bu xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, ciddi tədbirlər görülür və polis əməkdaşları nümunə olmalıdır.
Bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət cəmiyyətin, ümumiyyətlə inkişaf səviyyəsini göstərir. Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır. Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdır. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri var. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.
“Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma “narıncı inqilab” etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxt - 2005-ci ildə vəziyyət indiki kimi deyil. Bəzi hallarda Azərbaycan beynəlxalq qurumlar tərəfindən təzyiqlərə də məruz qalırdı. İndi əlbəttə ki, bizə heç kim təzyiq edə bilməz və deyə bilərəm ki, bu cəhdlər artıq tükənib. Amma o vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət ediblər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni, qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaq. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər”, deyə prezident qeyd edib.
Dövlət başçısı qeyd edib ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə öz layiqli cavabını verirlər və verəcəklər: “Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaq”.