Bank Of Baku

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə qərar verib

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə qərar verib
# 24 may 2013 09:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı “Qaçqın və məcburi köçkünlər prezidenti dəstəkləyir” mövzusunda konfrans keçirib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış  edən təşkilatın sədri Vüqar Qədirov prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğısını nəzərə alaraq növbəti prezident seçkilərində də ölkə başçısının namizədliyinin dəstəklədiyini bildirib.

 

V.Qədirov prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin, həmçinin qaçqın və məcburi köçkünlərin problemlərinin həllində  göstərdiyi xidmətdən, apardığı prinsipial siyasətdən danışıb: “İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vətənpərvər, prinsipial və peşəkar siyasət yürütməyə başladı. Qaçqınların və məcburi köçkünlərin məskunlaşması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının uğurla həyata keçirilməsi, kommunal xərclərin və dövlət ali təhsil müəssisələrində təhsil alan qaçqın və məcburi köçkün tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, onlara verilən aylıq müavinət, çadır şəhərciklərinin ləğv edilməsi, yeni-müasir tipli qəsəbələrin inşa edilərək qaçqın və məcburi köçkünlərin istifadəsinə verilməsi, ordu quruculuğunda böyük nailiyyətlərin əldə edilməsi təbii ki, aparılmış məqsədyönlü siyasətin tərkib hissələrindəndir”.

 

Təşkilat sədri qeyd edib ki, Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsini bir-neçə dəfə üstələməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun sürətlə artması, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmaqla qazanılan diplomatik qələbə aparılan məqsədyönlü, çevik və  strateji siyasətin nəticəsidir.

 

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev qaçqın və məcburi köçkünlərin Azərbaycanda ən imtiyazlı təbəqələrdən biri olduğunu, onlara dövlət tərəfindən daim diqqət və qayğı göstərdiyini qeyd edib: “Azərbaycan xalqının tarixən sabitliyə böyük ehtiyacı olub. Bu gün isə o sabitlik və inkişaf var. Bu sabitliyin qorunması ən vacib məsələlərdən biridir. Gənclər təxribatlara uymamalıdırlar. Bu gün gənclərin üzərinə dövlətin inkişafına çalışmaq, ölkə başçısı ətrafında sıx birləşmək kimi böyük məsuliyyət düşür”.

 

Tədbirin digər iştirakçıları da Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün təmin olunması istiqamətində  aparılan siyasət, bütün sahələrdə sürətli inkişafa nail olunması, həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq 2013-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR