Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirib - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirib - <span style="color: red;">FOTO
# 23 may 2013 09:29 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 95 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirib.

 

APA-nın məlumatına görə, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib ki, Xalq Cümhuriyyəti indiki Azərbaycanın da müstəqilliyinin əsasını qoyub: “Sahəsi 114 min kv. km olan ərazidə Xalq Cümhuriyyəti yaradılmasaydı, SSRİ parçalanandan sonra Tatarıstan, Başqırdıstan kimi nominal müstəqillik statusu qazanacaq və müstəqil ola bilməyəcək. Azərbaycan Respublikası yaradılanda Xalq Cümhuriyyətinin varisi elan edildi. Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır. Şərqdə ilk dəfə hətta ABŞ və Avropa dövlətlərinin bir çoxundan da əvvəl qadınlara seçmək və seçilmək hüququ Azərbaycanda verilib. Qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, ordu qurulub. Xalq Cümhuriyyəti qürur mənbəyimizdir”.

 

Onun sözlərinə görə, bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib: “Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan Respublikası xalqımızın ən böyük tarixi nailiyyətidir”.

 

Tədqiqatçı-alim Nəsiman Yaqublu deyib ki, AXC dövründə bölgə əhalisinin sayı 2 milyon 900 min nəfər olub: “Əhalinin 1 milyon 900 min nəfəri Azərbaycan xalqının nümayəndələri, qalanları digər xalqlarının nümayəndələri idi. Xalq Cümhuriyyətini yaradanların 250 nəfəri Qori seminariyasında, qalanı isə Türkiyə, Rusiya və Avropa ölkələrində təhsil alıb. Bu dövlətin adı niyə Xalq Cümhuriyyəti qoyuldu? Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə “Açıq söz” qəzetindəki məqaləsində cümhuriyyətin üstün şəxslərə deyil, xalqa məxsus olmalı olduğunu yazırdı. Bu prinsip də Xalq Cümhuriyyəti yaradılanda əsas götürüldü”.

 

N.Yaqublu çıxışında bölgədəki vəziyyət, İrəvanın itirilməsi, Qafqaz İslam Ordusunun Azərbaycanı azad etməsindən danışıb: “Biz ancaq Gəncədə mövcudluğumuzu saxlaya bilirdik. 13 min rus-erməni birləşmələri Gəncədən Bakıya qədər əraziyə nəzarət edirdi. Nuru Paşa bir neçə döyüşdə məğlub olmuşdu. Məhəmməd Əmin Rəsulzadə İstanbula Ənvər Paşanın yanına gedərək əlavə 10 min ordu istəyir. Türk araşdırmaçıları yazırlar ki, əgər Ənvər Paşa kimi millətçi romantik şəxs olmasaydı, Azərbaycanı, Bakını azad etmək mümkün olmazdı. Biz yoxdan dövlət yaradıb, bir bayraq qaldırmışıq”.

 

N.Yaqublu Qacar dövlətinin - İranın Xalq Cümhuriyyətinin yaradılmasına mane olmağa çalışdığını da xatırladıb: “İran mətbuatında o dövrdə Məhəmməd Əmin Rəsulzadənin əleyhinə məqalələr yazılıb. Bu dövlətin Azərbaycan adlandırılmasına qarşı çıxırdılar. Xalq Cümhuriyyətini yaradanlar beynəlxalq əlaqələrə xüsusi diqqət yetirirdilər. Bu dövlətin süquta uğramasında Xalq Cümhuriyyətinin yaradıcılarından kimisə ittiham etmək düzgün deyil. O dövrdə bolşeviklər Azərbaycanı, sonra Baltikyanı ölkələri, daha sonra Şərqi Avropanı işğal edib. Həm də bolşeviklərin 60 minlik qoşunu Azərbaycanda ciddi müqavimətlə qarşılaşıb. Yalama yaxınlığında 1500 hərbçimiz 60 minlik bolşevik qoşunu ilə döyüşüb. O döyüşün lentlərini əldə etmişik. Xalq Cümhuriyyətinin yaradılması sonra Azərbaycanı SSRİ-nin tərkibində quberniyalara parçalanmasının qarşısını aldı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR